Zaur Nağıyev yüksək vəzifəyə təyinat aldı

22 Oktyabr 2026 15:52

"Bakı Metropoliteni" QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə Zaur Nağıyev təyin edilib.

Milli.Az metropolitenə istinadən xəbər verir ki, o, Prezidentin 12 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə bu vəzifəyə təyin olunub.

Zaur Nağıyev 1982-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr pillələrini müvafiq olaraq 2004 və 2006-cı illərdə fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildə Böyük Britaniyanın Sauthempton Universitetində Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını başa vurub. 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin birgə proqramı çərçivəsində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.

O, 2005-2008 və 2009-2013-cü illərdə BMT-nin müxtəlif təşkilatlarında - UNHCR, WFP və UNICEF-də çalışıb. 2008-2009 və 2013-2014-cü illərdə SOCAR-ın Hüquq idarəsində böyük hüquq məsləhətçisi və vitse-prezidentin müşaviri vəzifələrini icra edib.

2014-cü ildən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Hüquq departamentinin rəisi, 2022-ci ildən isə həmin qurumun İdarə Heyəti sədrinin müavini olub.

Zaur Nağıyev, həmçinin ADA Universitetində pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan Vəkillər Kollegiyasının üzvü və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının beynəlxalq ekspertidir.

O, 2017-ci ildə "Tərəqqi" medalı, 2018-ci ildə isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalı ilə təltif edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)