Ermənistan rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı bölgəyə getdi - Təfərrüat

22 Oktyabr 2026 11:31

Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan və bir sıra hökumət rəsmiləri TRIPP (Zəngəzur dəhlizi) layihəsinin həyata keçirilməsi ilə bağlı təşkilati məsələləri müzakirə etmək üçün ölkənin Sünik vilayətinə (Qərbi Zəngəzur) səfər ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ermənistan hökumətinin məlumatına görə, səfərdə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan, eləcə də Şəhərsalma Komitəsinin sədri Eqiazar Vardanyan iştirak ediblər.

Müzakirələrin TRIPP layihəsinin reallaşdırılması ilə bağlı təşkilati məsələlərə həsr olunduğu bildirilir. Layihə ABŞ Prezidenti Donald Trampın adını daşıyan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" təşəbbüsüdür.

Sünik vilayəti layihənin coğrafi baxımdan mühüm hissəsidir. TRIPP çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat əlaqəsinin yaradılması nəzərdə tutulur.

Ermənistan və ABŞ arasında dərc olunmuş icra çərçivəsinə əsasən, layihə dəmir yolu, avtomobil yolları və digər infrastruktur əlaqələrinin inkişafını nəzərdə tutur.

Qeyd edək ki, təqdim olunan məlumatda bölgədə keçirilən müzakirələrin konkret nəticələri, marşrutun dəqiq xətti və tikinti işlərinin başlanma tarixi barədə əlavə təfərrüatlar açıqlanmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)