"Necə olduğumu özüm də bilmirəm. Lap başımı itirmişəm. İki-üç gün ağrılarım sakitləşir, sonra yenidən başlayır. Artıq özüm də nəyin necə olacağını bilmirəm".
Milli.Az xəbər verir ki, bunu Əməkdar artist Hicran Nəsirova Musavat.com-a açıqlamasında deyib.
Aktrisa uzun müddətdir xəstəliyi ilə bağlı müalicə aldığını bildirib.
Onun sözlərinə görə, ağrılar gündəlik həyatına ciddi təsir edir:
"Ayaq üstə çox qala bilmirəm, ayaqlarım ağrıyır. Gücüm düşməsin deyə bütün günü evdə uzanıram. Şüa terapiyası alıram. Həkimlərin dediklərini edirəm".
Hicran Nəsirova səhhətindəki problemlər səbəbindən teatra da gedə bilmədiyini söyləyib. Aktrisa sənətdən uzaq qalmağın onun üçün çətin olduğunu vurğulayıb:
"Teatra da gedə bilmirəm. Maşın tərpənəndə omba sümüyüm ağrıyır. Çox darıxıram. Həmişə işdə-gücdə olmuşam. İndi isə gözüm dərman qutularında qalıb ki, nəyi içdim, nə qaldı. Müalicə xərcləri çox gedir. Hərdən düşünürəm ki, görəsən, kasıb adamlar necə müalicə alır".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)