16-19 oktyabr 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən "Belt and Road Museums International Forum" beynəlxalq forumu "İnteraktiv muzeylər: rəqəmsal, təhsil və icma ilə əlaqələrin təşviqi" mövzusuna həsr olunub.
Müxtəlif ölkələrdən muzey mütəxəssislərini, kuratorları, tədqiqatçıları və mədəni irs üzrə ekspertləri bir araya gətirən forumda Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova iştirak edib.
Proqram çərçivəsində muzeylərin müasir inkişaf istiqamətləri, innovativ yanaşmalar və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Şirin Məlikova forumda "Muzeylər, süni intellekt və biliklərin dəyişən nüfuzu" (Museums, Artificial Intelligence, and the Changing Authority of Knowledge) adlı məruzə ilə çıxış edib.
Məruzədə süni intellekt və rəqəmsal texnologiyaların muzeylərin maarifləndirici fəaliyyətinə təsiri, sənət əsərləri haqqında informasiyanın əlçatanlığı və muzeylərin dəyişən rolu diqqət mərkəzində olub. Şirin Məlikova vurğulayıb ki, texnologiyalar sənət əsəri ilə birbaşa təması əvəz etməməli, onu daha dərindən anlamaq üçün əlavə imkanlar yaratmalıdır. Bu baxımdan, muzeylərin əsas vəzifələrindən biri ziyarətçilərdə vizual savadlılığı, müstəqil müşahidə və təhlil bacarıqlarını inkişaf etdirməkdir.
Məruzədə, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyində yaradılmış "Azərbaycan incəsənəti: 1920-1980-ci illər rəngkarlıq və qrafika" adlı daimi ekspozisiyanın konsepsiyasına, "Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti" ekspozisiyasının xüsusi təqdimatına, eləcə də rəqəmsal alətlərin muzey təcrübəsində tətbiqinə toxunulub.
Forum Azərbaycan Milli İncəsənət Muzeyinin beynəlxalq peşəkar dialoqda iştirakına, təcrübə mübadiləsinə və müasir muzeyçilik yanaşmalarının müzakirəsinə töhfə verib.