Azər Qarayevin “Təhlükəsizlik prizmasından baxış” kitabının təqdimatı keçirilib - (Foto)

21 Oktyabr 2026 17:01

Oktyabrın 21-də Trend Beynəlxalq İnformasiya Agentliyində Azərbaycan təhlükəsizlik orqanlarının veteranı, istefada olan polkovnik Azər Qarayevin "Təhlükəsizlik prizmasından baxış" kitabının təqdimat mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Milli Məclisin sədr müavini Rafael Hüseynov, deputatlar Sevil Mikayılova, Novruz Aslan, Əminə Ağazadə, Sevinc Fətəliyeva, Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, ictimai-siyasi xadimlər, media nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Açılış nitqi ilə qonaqları salamlayan Trend BİA-nın direktor müavini Sahil Kərimli bildirib ki, müasir dövrdə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması və dövlətçilik prinsiplərinə sadiq yetişməsi cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.

O qeyd edib ki, Azər Qarayevin müəllifi olduğu "Təhlükəsizlik prizmasından baxış" kitabı müxtəlif illərdə yerli kütləvi informasiya vasitələrində dərc edilmiş məqalə və müsahibələrin toplusudur. Eyni zamanda, nəşrdə 44 günlük Vətən müharibəsi, Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycanın müstəqilliyi və suverenliyi ilə bağlı məsələlərə diqqət yetirilib. Nəşrin əsas məqsədi gənclərin maarifləndirilməsi, analitik düşünmə qabiliyyətinin inkişaf etdirilməsi və milli maraqlara həssas münasibətin formalaşdırılmasıdır.

Çıxış edən Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov bildirib ki, Azər Qarayevin müəllifi olduğu "Təhlükəsizlik prizmasından baxış" kitabı onun uzun illər ərzindəki fəaliyyətinin hesabatı olmaqla yanaşı, ölkənin xüsusi xidmət orqanlarının tarixini, keçdiyi yolu və gördüyü işləri əks etdirir. O vurğulayıb ki, kitabın ərsəyə gəlməsində Dövlət Təhlükəsizliyi Xidmətinin də xüsusi rolu olub.

R.Hüseynovun sözlərinə görə, dövlət təhlükəsizliyi sahəsində çalışan şəxslər üçün sədaqət və etibar xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, Azər Qarayev təqaüdə çıxdıqdan sonra da fəaliyyətini davam etdirib, mətbuatda məqalə, müsahibə və şərhlərlə çıxış edərək ictimaiyyətin məlumatlandırılmasına töhfə verib. Akademik qeyd edib ki, müasir informasiya mühitində yalan və təhriflərin yayılmasının qarşısını almaq üçün hadisələrə peşəkar yanaşma vacibdir:

"Bir çox yalanlar, bir çox təhriflər ayaq tutub yeriyə bilər. Burada ağıllı, səriştəli, insanları inandıran peşəkar baxışa ehtiyac var".

O, kitabda əksini tapan materialların gələcək nəsillər üçün tarixi əhəmiyyət daşıdığını vurğulayaraq nəşrin Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında dərs vəsaiti kimi istifadə oluna biləcəyini bildirib. R.Hüseynovun fikrincə, təhlükəsizlik orqanlarının veteranları da öz xatirələrini, şahidi olduqları hadisələri və təcrübələrini yazılı şəkildə gələcək nəsillərə çatdırmalıdırlar.

"Bunlar bizim tariximizdir, millətin tarixidir, dövlətin tarixidir və bunları gerçək bir şəkildə insanlara çatdırmaq lazımdır", - deyə o qeyd edib.

Akademik 2020-ci ilin noyabrında Azərbaycanın qazandığı Zəfərin əhəmiyyətinə də toxunaraq bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunduğunu vurğulayıb. O bildirib ki, kitabda toplanan məqalə və müsahibələrin bir qismi əvvəllər müxtəlif qəzetlərdə, o cümlədən "Xalq qəzeti", "Azərbaycan" və "Respublika" qəzetləri, xüsusən də Trend Beynəlxalq İnformasiya Agentliyində dərc olunub.

R.Hüseynovun sözlərinə görə, həmin materialların vahid kitabda toplanması müəllifin hadisələrə yanaşmasını sistemli şəkildə təqdim edir və ölkənin mürəkkəb tarixi proseslərində atılan addımlara dair düşüncələri əks etdirir.

Milli Məclisin deputatı Novruz Aslan bildirib ki, Azər Qarayevin müəllifi olduğu "Təhlükəsizlik prizmasından baxış" kitabı keçmişdə və müasir dövrdə baş verən hadisələrin düzgün və obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azər Qarayevin məqalə və təhlilləri ictimaiyyətin məlumatlandırılmasına, xüsusilə gənc nəslin tarixi hadisələr barədə düzgün istiqamətləndirilməsinə xidmət edir.

Deputat qeyd edib ki, Azər Qarayevin fəaliyyətində əsas məqsədlərdən biri dövlətçilik prinsiplərinin qorunması və gənclərin maarifləndirilməsidir. "Tarixi hadisələri işıqlandırmaq və gənclərimizə müvafiq yol göstərmək, istiqamət vermək bu gün xüsusilə yaşlı nəslin böyük vəzifəsidir", - deyə N.Aslan vurğulayıb.

O bildirib ki, dövlət təhlükəsizliyi anlayışı yalnız xüsusi xidmət orqanlarının fəaliyyəti ilə məhdudlaşmır, iqtisadi, humanitar və siyasi sahələri də əhatə edir. Deputatın fikrincə, kitabın əsas xüsusiyyətlərindən biri hadisələrə məhz təhlükəsizlik prizmasından yanaşılmasıdır. O, nəşrdə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurların işıqlandırılmasının da əhəmiyyətini qeyd edib.

N.Aslan Azər Qarayevin uzun illər ərzində topladığı təcrübənin və apardığı təhlillərin kitab şəklində oxuculara təqdim olunmasını yüksək qiymətləndirib. O, nəşrin ərsəyə gəlməsinin ciddi zəhmət tələb etdiyini bildirərək, kitabın hazırlanmasında dəstəyin və peşəkar fəaliyyətin əhəmiyyətini vurğulayıb. Deputat həmçinin Azər Qarayevin fəaliyyətinin davam etdirilməsinə göstərdiyi dəstəyə görə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə və təhlillərin ictimaiyyətə çatdırılmasına görə isə Trend Beynəlxalq İnformasiya Agentliyinə təşəkkürünü ifadə edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin istefada olan polkovniki Elşad Həsənov bildirib ki, Azər Qarayev uzun illər ərzində dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edib, özündən sonra gələn gənc nəslə daim diqqət və qayğı göstərib. Onun sözlərinə görə, Azər Qarayev bu gün də publisistik fəaliyyəti ilə dövlətin təhlükəsizliyi və dövlətçilik siyasəti ilə bağlı məsələlərin ictimaiyyətə çatdırılmasına töhfə verir.

E.Həsənov qeyd edib ki, Azər Qarayev müxtəlif mətbu orqanlarda, o cümlədən "Azərbaycan", "Respublika" qəzetlərində və Trend Beynəlxalq İnformasiya Agentliyində dərc olunan məqalə və müsahibələrində dövlət siyasətini təhlil edir, baş verən hadisələri şərh edir. "Biz dövlətimiz üçün, dövlətçiliyimiz üçün bu gün də çalışırıq. Onun siyasətini təhlil edir, oxuculara, gənc nəslə çatdırırıq", - deyə o vurğulayıb.

İstefada olan polkovnik bildirib ki, təhlükəsizlik orqanlarının veteranlarının fəaliyyəti bu gün də dövlətin maraqlarına xidmət edir. O, Azərbaycanın ətraf regionlarda müharibələrin davam etdiyi bir şəraitdə sabitliyini qoruduğunu, ölkədə quruculuq işlərinin aparıldığını və işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışının davam etdiyini qeyd edib. E.Həsənovun sözlərinə görə, bu proseslərin Azər Qarayevin publisistik yazılarında və müsahibələrində işıqlandırılması həm ictimaiyyət, həm də gənc nəsil üçün əhəmiyyətlidir.

Azərbaycan Televiziyasının İctimai-Siyasi Verilişlər Studiyasının direktoru, Əməkdar jurnalist Tofiq Abbasov bildirib ki, Azər Qarayevin müəllifi olduğu "Təhlükəsizlik prizmasından baxış" kitabı təhlükəsizlik mütəxəssisləri ilə jurnalistlərin fəaliyyətini birləşdirən mühüm nəşrdir. Onun sözlərinə görə, hər iki sahə üçün əsas dəyər informasiyadır və məlumatların düzgün təhlili təhlükəsizlik məsələlərinin dərindən anlaşılmasına xidmət edir.

T.Abbasov qeyd edib ki, kitab uzun illər ərzində toplanmış materialları vahid nəşrdə birləşdirir və müasir dövrdə təhlükəsizlik məsələlərinin strateji əhəmiyyətini əks etdirir. "Azər Qarayevin yaratdığı bu fəaliyyətin nəticəsi olan bu əsər sözün əsl mənasında stolüstü kitab olmalıdır", - deyə o vurğulayıb. Jurnalistin fikrincə, nəşrdəki materiallar hadisələrin təhlili, mümkün risklərin əvvəlcədən qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin əhəmiyyətinin anlaşılması baxımından dəyərlidir.

O bildirib ki, təhlükəsizlik orqanlarının əməkdaşları daim ön xətdə fəaliyyət göstərir, mümkün riskləri qabaqcadan müəyyənləşdirmək və onların qarşısını almaq üçün çalışırlar. T.Abbasov Azər Qarayevin həm ideoloji, həm də əməli fəaliyyət sahəsində topladığı təcrübənin kitabda əksini tapmasını yüksək qiymətləndirərək nəşrin jurnalistlərin fəaliyyətinə də dəstək verdiyini qeyd edib.

Müəllif Azər Qarayev bildirib ki, nəşrin ərsəyə gəlməsində Trend Beynəlxalq İnformasiya Agentliyinin böyük əməyi olub. Onun sözlərinə görə, kitabda müxtəlif illərdə yazdığı məqalələr, televiziya müsahibələri və "Respublika" qəzetində dərc olunan materiallar toplanıb.

A.Qarayev qeyd edib ki, kitabın əsas məqsədi hadisə və proseslərə təhlükəsizlik prizmasından yanaşmanı nümayiş etdirməkdir. "Mən ölkədə, dövlətdə hər şeyə təhlükəsizlik prizmasından baxıram. İstər siyasət olsun, istər iqtisadiyyat olsun, istər humanitar məsələlər olsun, mən bunların hamısına təhlükəsizlik prizmasından baxıram", - deyə o vurğulayıb. Müəllif bildirib ki, təhlükəsizlik dövlətin inkişafının əsas şərtlərindən biridir.

O, Azərbaycanın mövcud təhlükəsizlik mühitinə də toxunaraq, regionda müharibələr davam etsə də, ölkədə sabitliyin və dinc həyatın qorunmasının əhəmiyyətini qeyd edib. A.Qarayev həmçinin Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarının formalaşmasında və inkişafında rolunu vurğulayaraq onun bu sahəyə daim diqqət göstərdiyini bildirib. Müəllif Heydər Əliyev adına Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasının peşəkar kadrların hazırlanmasındakı əhəmiyyətini də qeyd edib.

Tədbirdə, həmçinin Azərbaycan təhlükəsizlik orqanlarının veteranları Azər Gərayzadə, Ağalar Əliyev, Əliheydər Dadaşov və Cavanşir Vəliyev çıxış edərək Azər Qarayevin uzunillik xidmət yolundan, dövlətçilik prinsiplərinə sədaqətindən, peşəkar fəaliyyətindən və "Təhlükəsizlik prizmasından baxış" kitabının tarixi və maarifləndirici əhəmiyyətindən bəhs ediblər. Onlar nəşrin təhlükəsizlik məsələlərinin ictimaiyyətə çatdırılması, tarixi təcrübənin qorunması və gənc nəslin maarifləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Trend BİA-nın direktor müavini Sahil Kərimli yekun çıxışında bildirib ki, Azər Qarayevin "Təhlükəsizlik prizmasından baxış" kitabı müəllifin oxuculara təqdim etdiyi ilk nəşr deyil. O qeyd edib ki, müəllifin bundan əvvəl "Tehran 43" adlı kitabı da işıq üzü görüb.

S.Kərimli vurğulayıb ki, Azər Qarayev artıq növbəti kitabı üzərində işləməyə başlayıb. Onun sözlərinə görə, gələcəkdə müəllifin yeni nəşrinin də təqdimat mərasiminin keçirilməsi gözlənilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)