Azərbaycanın 2001-ci ildə dövriyyəyə buraxılmış, üzərində neft buruqları təsvir olunan 1000 manatlıq əskinası beynəlxalq hərracda 1 020 manata satılıb. Bu əskinasların qiyməti qorunma vəziyyətindən, seriya nömrəsindən və beynəlxalq sertifikasiyadan keçib-keçməməsindən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir.
Bunu Milli.Az-a numizmat Fərhad Məmmədov bildirib.
Onun sözlərinə görə, 1000 manatlıq əskinas Azərbaycan Milli Bankının sifarişi ilə Britaniyada yerləşən "De La Rue" şirkəti tərəfindən çap olunub və 2001-ci ildə dövriyyəyə buraxılıb. Əskinas cəmi 5 il dövriyyədə qalıb və 2006-cı ildə denominasiya ilə əlaqədar tədavüldən çıxarılıb.
F.Məmmədov bildirib ki, əskinasın dizaynında Azərbaycanın neft sənayesini əks etdirən elementlərə üstünlük verilib.
"Əskinasın ön tərəfində neft platformaları, neft buruqları və neft fontanları təsvir olunub. Yuxarı hissədə Azərbaycan Milli Bankının adı, aşağıda isə nominal dəyər həm rəqəmlə, həm də yazı ilə göstərilib. Seriya nömrələrindən biri qırmızı, digəri isə qara rəngdədir", - deyə numizmat qeyd edib.
Onun sözlərinə görə, əskinasın arxa tərəfində milli ornamentləri xatırladan haşiyə və onun daxilində nominal dəyərin təsviri yer alır. Əskinasın su nişanında da neft buruqlarının təsviri əks olunub.
F.Məmmədov əlavə edib ki, əskinasın saxtalaşdırılmasına qarşı digər qoruyucu elementlərini müəyyənləşdirmək üçün onu ultrabənövşəyi şüa altında yoxlamaq mümkündür.
"Bu əskinaslar dövriyyədə olduğu dövrdə kütləvi şəkildə buraxılıb. Buna görə də onların kolleksiya dəyərini yalnız nominalına və buraxılış ilinə əsasən müəyyənləşdirmək düzgün deyil. Əskinasın qorunma vəziyyəti, seriya nömrəsi, çap xətalarının olub-olmaması və beynəlxalq sertifikasiyadan keçməsi qiymətə təsir göstərən əsas amillərdir", - deyə F.Məmmədov bildirib.
Numizmatın sözlərinə görə, əskinasın nominal dəyərinin böyük olması onun hazırda mütləq yüksək kolleksiya qiymətinə malik olması demək deyil.
"İndiki pulla 20 qəpiyə bərabər idi. Biz bu pula zavod çörəyi alırdıq. Məsələn, mən özüm Mərdəkan sakinəyəm. Mərdəkandan Əzizbəyova, yəni indiki Koroğlu metrosuna avtobusla gediş haqqı 1000 manat idi. Belə bərəkətli pul idi", - deyə paytaxt sakini Dadaş Dadaşov bildirib.
Bakıdan olan kağız pul kolleksiyaçısı Mais Əliyevin sözlərinə görə, beynəlxalq sertifikasiyadan keçmiş əskinasların alqı-satqısı kolleksiya bazarında daha rahat həyata keçirilə bilər. Sertifikat nümunənin vəziyyətinin qiymətləndirilməsinə və kolleksiyaçılar arasında ona olan etimadın artmasına kömək edir.
Onun kolleksiyasında olan 1000 manatlıq əskinas demək olar ki, ideal vəziyyətdədir və ABŞ-nin "Paper Money Guarantee" (PMG) şirkəti tərəfindən rəsmi olaraq sertifikatlaşdırılıb.
"Bu, möhtəşəm bir nümunədir. PMG-nin laboratoriyasında yoxlanışdan və sertifikasiya prosesindən keçib. Ona uyğun olaraq 58-ci dərəcə verilib. Kağız pulların vəziyyətinə uyğun olaraq 1-dən 70-ə qədər dərəcə verilir. Bu əskinas "About Uncirculated", yəni dövriyyədə çox az olmuş əskinas kimi qiymətləndirilib", - deyə o bildirib.
Digər kolleksiyaçı Cabir Hüseynov isə hazırda Bakıda 1000 manatlıq əskinasların vəziyyətindən asılı olaraq hansı qiymətlərə satıldığı barədə məlumat verib.
"Azərbaycanın keçmiş əskinaslarından biri olan, neft buruqları təsvir edilmiş 1000 manatlıq əskinasın UNC, yəni dövriyyədə olmamış nümunəsi 6-7 manata satılır. AA seriyalı əskinasların qiyməti ilkin buraxılışa aid olduqlarına görə 8 manatdır. AU, yəni dövriyyədə çox az olmuş əskinaslar 5 manata satılır. Beynəlxalq sertifikasiyadan keçmiş və müvafiq dərəcə verilmiş əskinaslar isə daha dəyərlidir. 67-ci dərəcə almış nümunələrin qiyməti 100-120 manat civarındadır. 66-cı dərəcəli nümunələr 80 manata, daha aşağı dərəcəlilər isə 65-70 manata satıla bilər", - deyə kolleksiyaçı bildirib.
Numizmat bildirib ki, beynəlxalq onlayn satış platformalarında sertifikasiyadan keçməmiş, lakin əla vəziyyətdə qorunmuş adi nümunələr nisbətən aşağı qiymətə satılır.
"eBay hərracında bu əskinasın sertifikasiyadan keçməmiş, əla vəziyyətdə olan nümunələrinə təxminən 3-6 dollar arasında qiymət qoyulur. Bununla belə, bəzi xüsusi seriyalı nümunələr daha baha satılır", - deyə o bildirib.
Beynəlxalq sertifikasiyadan keçmiş nümunələr isə daha yüksək qiymətə alıcı tapa bilir.
"2001-ci il buraxılışına aid bir əskinas PMG tərəfindən dövriyyəyə buraxılmamış vəziyyətdə 66-cı dərəcə ilə sertifikatlaşdırılıb. Həmin nümunə 2025-ci ildə "NumisBids" hərracında 52 avroya, yəni təxminən 99 manata satılıb", - deyə F.Məmmədov bildirib.
Numizmatın sözlərinə görə, 1000 manatlıq əskinasların xüsusi kolleksiya dəyərinə malik növlərindən biri "Specimen" nümunələridir.
"Specimen" əskinasları nümayiş və nümunə məqsədilə hazırlanır. Onların seriya nömrələri çox vaxt yalnız sıfırlardan ibarət olur. Belə əskinaslar dövriyyəyə buraxılmaq üçün deyil, nümunə kimi təqdim edilmək məqsədilə hazırlanır. Sayları məhdud olduğundan kolleksiyaçılar arasında xüsusi maraq doğurur", - deyə o vurğulayıb.
F.Məmmədov bildirib ki, bu kateqoriyaya aid nümunələr adi dövriyyə əskinaslarından xeyli baha satıla bilər.
"Specimen" seriyalı bir nümunə PMG tərəfindən AU, yəni dövriyyədə olmuş, lakin nisbətən yaxşı vəziyyətdə qalmış əskinas kimi qiymətləndirilib. Həmin əskinas eBay hərracında 600 dollara, yəni təxminən 1 020 manata satılıb", - deyə numizmat əlavə edib.
O vurğulayıb ki, köhnə Azərbaycan əskinaslarını kolleksiya məqsədilə saxlayan şəxslər onların seriya nömrələrini, fiziki vəziyyətini və qoruyucu elementlərini diqqətlə yoxlamalı, nadir nümunələri isə beynəlxalq sertifikasiya imkanlarını nəzərə alaraq qiymətləndirməlidirlər.