“Barselona” PSJ-dən UEFA-ya şikayət edəcək - (Foto)

21 Oktyabr 2026 15:08

"Barselona" rəhbərliyi PSJ azarkeşlərinin Çempionlar Liqası matçından əvvəl nümayiş etdirdiyi xoreoqrafiyaya görə UEFA-ya müraciət etməyə hazırlaşır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Paris klubunun tərəfdarları qarşılaşmadan öncə "Texas zəncirli mişar qırğını" filmini xatırladan səhnə hazırlayıblar. "Paris üsulu qırğın" yazısı ilə müşayiət olunan nümayişdə PSJ forması geyinmiş azarkeşin zəncirli mişarla "Barselona"nın loqosunu kəsməsi təsvir olunub.

Bu görüntülərin Kataloniya klubunun rəhbərliyinin narazılığına səbəb olduğu bildirilir. "Barselona"nın baş verənlərlə bağlı Paris təmsilçisinə qarşı UEFA-ya rəsmi şikayət ünvanlamağı planlaşdırdığı qeyd edilir.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda keçirilən görüşdə PSJ doğma meydanda "Barselona"nı 4:2 hesabı ilə məğlub edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)