Azərbaycanda çəki balığının satış həcmi artıb. Nohurlarda yetişdirilən balıqların kütləvi şəkildə bazara çıxarılması və sentyabr ayından balıq ovu mövsümünün başlaması satış məntəqələrində aktivliyi artırıb.
Milli.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib.
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, 2026-cı ilin sentyabrında balıq və balıq məhsullarının qiymətləri avqust ayı ilə müqayisədə 1,9 faiz yüksəlib. Ötən ilin eyni ayına nisbətən 8,5 faiz, bu ilin yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz bahalaşma qeydə alınıb.
Bununla yanaşı, ayrı-ayrı balıq növlərinin satış qiymətlərində azalma müşahidə olunur. Belə ki, sentyabrın 18-də çəki balığının bir kiloqramı 6-8 manata, ağ amur 8-10 manata, forel isə 10-13 manata təklif edilib.
Oktyabrın 9-na olan məlumatlarda isə çəki balığının kiloqramı 4-7 manat, ağ amur təxminən 7 manat, forel isə 9-12 manat təşkil edib.
Təqdim olunan qiymətlər bəzi balıq növlərinin ucuzlaşa biləcəyini göstərir. Ancaq eyni satış nöqtələrindən əldə edilmiş müqayisəli məlumatlar olmadığından bu dəyişiklikləri rəsmi ucuzlaşma kimi qiymətləndirmək mümkün deyil. Ümumi statistik göstəricilər isə balıq və balıq məhsullarının qiymətlərində artımın davam etdiyini göstərir.
Qeyd edək ki, son həftələrdə ərzaq bazarında digər məhsulların qiymətləri də diqqət çəkib. Təxminən iki həftə əvvəl Monqolustandan idxal olunan quzu ətinin və nisbətən münasib qiymətli məhsullardan sayılan toyuq filesinin bahalaşdığı bildirilmişdi.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)