Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək

20 Oktyabr 2026 23:59

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinə Donald Tramp və Volodimir Zelenski ilə birbaşa danışıqlar aparmağı təklif edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Politico" məlumat verib.

Norveçin Baş naziri Yonas Qar Störe isə bildirib ki, Uitkoff Rusiyada sülh yolu ilə nizamlanma təkliflərini, o cümlədən üçtərəfli görüş ideyasını müzakirə edəcək. Onun sözlərinə görə, bu təşəbbüs liderlər səviyyəsində görüşə yol aça bilər.

Ukrayna prezidenti Volodimir Zelenski üçtərəfli görüş ideyasını mühüm addım kimi qiymətləndirib. O qeyd edib ki, müharibənin başa çatdırılması ilə bağlı bəzi məsələləri yalnız dövlət başçıları həll edə bilər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)