“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli

21 Oktyabr 2026 02:02

"Allah rəhmət eləsin Əməkdar artist Zöhrə Abdullayevaya. Onun bir sözü var idi. Tez-tez deyirdi ki, "Ay Nüşabə, o vaxtkı yaşım olaydı, indiki başım". Belə şey də olmur".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Sevilən səhər" verilişində deyib. O, keçmiş günlərə qayıtmaq istəmədiyini bildirib:

"Məndən hərdən soruşurlar ki, keçmişi qaytarmaq istəyirsən? İstəmirəm, artıq yaşamışam o günləri. Nə gözəl ki, yaşamışam da. Allah mənə bu ömrü verib və bu yaşa çatmışam. Səhvlərim də olub, düzlərim də. Səhvsiz insan olmur. Səhvimin cəzasını da çəkmişəm, peşman olmuşam. Onlar da keçmişdə qalıb. Təhsildə, qazancda, biznesdə, normal həyatda səhvlər olur. Bir də o günlərə qayıtmaram".

Sənətçi yaşa dolduqca insanın müdrikləşməsindən danışıb:

"Allahın verdiyi bir xoşbəxtlik var. Elə insanlar var ki, saçlarını, saqqallarını ağardırlar, amma nə cavanlıqda bir şey olublar, nə də yaşlaşanda. Yaşlaşanda saçı da ağarır, amma onlara ağsaqqal, ağbirçək demək olmur. Görürsən ki, Allah ona o gözəlliyi verməyib, müdrikləşdirməyib. Nə cavanlığında bir şey oldu, nə də yaşlaşanda. Demək ki, Allah o müdrikliyi ondan əsirgəyib. Hər adama o müdriklik verilmir. Amma bəzi insanlar var, dəli-dolu, gümrah, şux, dəli-dolu qadınlar var, yaşlaşdıqca dəyişirlər, müdrikləşirlər, başqa cür olurlar. Allah onları sevir. Onlara ağbirçək, ağsaqqal demək də olur. Üzlərindən də nur yağır.

Xoşbəxt o kəsdir ki, yaşlaşdıqca ağırlığı, sanbalı gəlsin. Biri də var ki, necə var idisə, elə də davam edir və ölüb gedir. Bu nəyə lazımdır?". (axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)