Süni intellekt xərçəng xəstələrinin nə qədər yaşayacağını təxmin edir

20 Oktyabr 2026 19:00

ABŞ-də alimlər üz fotosu vasitəsilə xərçəng xəstələrinin bioloji yaşını və ölüm riskini qiymətləndirə bilən süni intellekt alətləri hazırlayıblar.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Mass General Brigham tədqiqatçıları tərəfindən hazırlanan iki alət 40 milyondan çox üz fotosu ilə öyrədilmiş "FAHR-Face" adlı süni intellekt modelinin əsasında yaradılıb.

"The Lancet Digital Health" jurnalında dərc olunan araşdırmaya görə," FAHR-FaceAge" insanın üz görünüşünə əsasən bioloji yaşını, "FAHR-FaceSurvival" isə sağ qalma riskini qiymətləndirir.

Şüa terapiyası alan xərçəng xəstələri üzərində aparılan araşdırmada maraqlı nəticələr əldə olunub. Süni intellektin bioloji yaşını həqiqi yaşından ən azı 5 il çox hesabladığı şəxslərin dörd il ərzində ölüm riski digər xəstələrlə müqayisədə 21 faiz yüksək olub.

Əksinə, bioloji yaşı həqiqi yaşından ən azı 5 il az hesablanan xəstələrdə ölüm riski 17 faiz aşağı qeydə alınıb.

Tədqiqatçılar hesab edirlər ki, bu texnologiya əməliyyat və digər intensiv xərçəng müalicələrindən əvvəl xəstələrin fiziki vəziyyətini qiymətləndirməyə kömək edə bilər.

Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, yalnız üz fotosuna əsaslanan nəticələr müalicə qərarı vermək üçün kifayət deyil.

Surrey Universitetinin süni intellekt üzrə mütəxəssisi Miroslav Bober araşdırmanın əhəmiyyətli irəliləyiş olduğunu, lakin texnologiyanın hələ klinik istifadəyə hazır olmadığını bildirib.

Onun sözlərinə görə, süni intellektin həkimlərin qiymətləndirmələrinə nə dərəcədə əlavə fayda verdiyi və müxtəlif xəstələrdə nə qədər dəqiq nəticələr göstərdiyi əlavə araşdırmalarla yoxlanılmalıdır.

Tədqiqatçılar yeni texnologiyanın həkimləri əvəz etməsini deyil, xəstələr üçün daha uyğun müalicə qərarlarının verilməsinə kömək etməsini hədəfləyirlər.

Müəllif: Mina Mikayılova