Gülnarə Xəlilova Bursa Fashion Week-də Azərbaycanın milli ənənələrini təqdim edib - (Foto)

20 Oktyabr 2026 16:18

Tanınmış azərbaycanlı dizayner Gülnarə Xəlilova dünyanın müxtəlif ölkələrindən dizaynerləri bir araya gətirən 9-cu Beynəlxalq Bursa Fashion Week moda həftəsində milli kolleksiyasını təqdim edib.

Gülnarə Xəlilovanın kolleksiyası Azərbaycan milli geyimlərinin zənginliyini, mədəni irsimizin özünəməxsusluğunu və dekorativ-tətbiqi sənət ənənələrini nümayiş etdirib. Dizayner öz işlərində milli motivləri, ənənəvi elementləri və müasir moda tendensiyalarını birləşdirərək Azərbaycan mədəniyyətini beynəlxalq podiumda təmsil edib.

"Bursa Fashion Week Azərbaycan, Şimali Makedoniya, Rumıniya, Bolqarıstan, İtaliya və Türkiyədən olan dizaynerləri bir araya gətirdi. Tədbir milli ənənələrin, müasir dizayn həllərinin nümayişi və beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi üçün bir platformaya çevrildi", - deyə dizayner Trend-ə bildirib.

Layihənin təsisçisi, təşkilatçısı və ideya müəllifi tanınmış dizayner Yaşariye Doğandır.

Tədbir çərçivəsində Gülnarə Xəlilova Bursa Fashion Week iştirakçıları ilə Bursa şəhərinin Osmangazi rayonunun bələdiyyə sədri Erkan Aydın, həmçinin Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bursa üzrə mədəniyyət və turizm müdiri doktor Kamil Özərlə görüşüb.

Erkan Aydınla görüş zamanı beynəlxalq mədəni layihələrin əhəmiyyəti, yaradıcı əməkdaşlığın inkişafı və milli irsin təbliği məsələlərinə xüsusi diqqət yetirilib.

Gülnarə Xəlilova xoş münasibət əlaməti olaraq bələdiyyə sədrinə Azərbaycan mədəniyyətinin zənginliyini və milli sənətkarlıq ənənələrini əks etdirən, özünün hazırladığı xüsusi ipək məmulatları və hədiyyəlik məhsullar təqdim edib.

Gülnarə Xəlilovanın tədbirdə iştirakı Azərbaycan milli geyimlərinin və ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verib.

Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etno-Dizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru və "Cizgi" brendinin sahibidir.

Onun kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Türkmənistan, Şimali Kipr Türk Respublikası və digər ölkələrdə keçirilən moda həftələri və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.