Qarabağda yeni milli park yaradılıb - Sərəncam

20 Oktyabr 2026 15:56

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının dövlət mülkiyyətində olan torpaqlarından ümumilikdə 88 418 hektar ərazi ayrılaraq Qarabağ Milli Parkı yaradılıb.

Milli Parkın yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərdə zəngin ekosistemin və biomüxtəlifliyin qorunması, təbii irsin bərpası, təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi və ekoturizmin inkişafıdır.

Sərəncamda qeyd olunur ki, işğal dövründə regionun bioloji müxtəlifliyinə ciddi ziyan vurulub, nadir bitki və heyvan növləri məhv edilib və ekoloji tarazlıq pozulub.

Bildirilib ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə təbii ekosistemlərin və biomüxtəlifliyin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin yenidən qurulması, regionun "yaşıl artım" zonasına çevrilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Sərəncama əsasən, Nazirlər Kabineti sənəddən irəli gələn məsələləri həll etməlidir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)