Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən Elzar Yusubov küçəsinin bərbad vəziyyətdə olması sakinlər üçün ciddi problemlər yaradır. Yolun uzun müddətdir təmir edilməməsi ərazidə yaşayan insanların gündəlik hərəkətini çətinləşdirir.
Milli.Az xəbər verir ki, sakinlər bildiriblər ki, xüsusilə yağışlı günlərdə küçədə hərəkət etmək müşkülə çevrilir. Yolda yaranan palçıq və gölməçələr həm piyadaların, həm də avtomobillərin gediş-gəlişinə mane olur.
Sakinlərin sözlərinə görə, ərazidə 6 mindən çox insan yaşayır. Yolun yararsız vəziyyətdə olması xüsusilə xəstələrin daşınması zamanı çətinlik yaradır. Onlar qeyd edirlər ki, bəzi hallarda təcili tibbi yardım maşınları və taksilər ünvana çatmaqda çətinlik çəkirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhəllədaxili yollar yerli icra hakimiyyəti orqanlarının balansındadır. Problemlə əlaqədar aidiyyəti qurumun açıqlama verəcəyi qeyd olunub.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)