Polşada Rusiyanın Ukraynanın qərbinə endirdiyi hava zərbələri ilə əlaqədar hava həyəcanı elan edilib.
Milli.Az xəbər verir ki, bu barədə "Polsat News" məlumat yayıb.
Məlumata əsasən, oktyabrın 20-də səhər saatlarında Lyublin və Podkarpatsk əyalətlərinin sakinlərinə xəbərdarlıq bildirişləri göndərilib. Təhlükəsizlik tədbirləri çərçivəsində Lyublin və Jeşuv hava limanlarının fəaliyyəti dayandırılıb, Polşa hərbi aviasiyası havaya qaldırılıb.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı da oktyabrın 20-də "X" sosial şəbəkəsində məsələ ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, Rusiyanın Ukraynanın qərbindəki hədəflərə dəfələrlə hava zərbələri endirməsi səbəbindən Hava Əməliyyatları Mərkəzi vasitəsilə hərbi aviasiya və hava hücumundan müdafiə sistemləri hərəkətə gətirilib.
Açıqlamada qeyd olunub ki, tədbirlər qabaqlayıcı xarakter daşıyır və əsas məqsəd təhlükəsizliyi təmin etmək, xüsusilə də müvafiq ərazidə Polşanın hava məkanını qorumaqdır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)