"Mançester Yunayted" və "Liverpul" onun uğrunda mübarizə aparır

20 Oktyabr 2026 13:44

Almaniyanın "Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi Feliks Nmeça İngiltərənin bir neçə aparıcı klubunun transfer siyahısına düşüb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Liverpul" 26 yaşlı futbolçunu heyətinə cəlb etməkdə maraqlıdır.

Məlumata görə, "Mançester Yunayted" qış transfer pəncərəsi başlamazdan əvvəl almaniyalı oyunçunun nümayəndələri ilə əlaqə yaradıb. Klubun yarımmüdafiəçinin transferi ilə bağlı planlarını dəqiqləşdirdiyi bildirilir.

"Liverpul" isə Feliks Nmeçanı "Bornmut"un futbolçusu Aleks Skottun transferi reallaşmayacağı halda alternativ namizəd kimi nəzərdən keçirir. Bununla yanaşı, "Çelsi", "Tottenhem", "Nyukasl", "Mançester Siti" və "Arsenal" da yarımmüdafiəçiyə maraq göstərir.

Hamburqda anadan olan Nmeça 10 ildən çox "Mançester Siti"nin akademiyasında yetişib. O, "Borussiya" ilə müqaviləsini 2030-cu ilin yayına qədər uzadıb. Dortmund klubu futbolçunun transfer dəyərini 90-100 milyon avro arasında qiymətləndirir.

Qeyd edək ki, Feliks Nmeça 2025/2026 mövsümündə meydana çıxdığı 47 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun bazar dəyərini 65 milyon avro olaraq göstərir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)