"Məsuliyyəti üzərinə götürəcək şəxslər var idi, amma Nəvai belə qərar verdi” - Vəkil

20 Oktyabr 2026 10:15

Qazaxıstanda narkotik maddə ilə bağlı cinayət işi çərçivəsində həbs edilən azərbaycanlı reper Nəvai Bəkirovun vəkili sənətçinin hazırkı vəziyyəti barədə danışıb.

Milli.Az-ın məlumatına görə, müdafiəçi Rena Kərimova "112"yə açıqlamasında reperin səhhətinin yaxşı olduğunu bildirib. Onun sözlərinə görə, Navai saxlanıldığı təcridxanada vaxtını kitab oxumaqla və şeirlər yazmaqla keçirir. Reperin digər şəxslərlə ünsiyyət qurduğu, yumor hissini də itirmədiyi vurğulanıb.

Vəkil hadisə zamanı avtomobildə reperdən başqa şəxslərin də olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, məsuliyyəti üzərinə götürə biləcək başqa şəxslər olsa da, Navai fərqli qərar verib.

Kərimova reperin günahsız olduğuna inandığını və yaxın zamanda azadlığa çıxmaq ehtimalını yüksək qiymətləndirdiyini söyləyib. Bununla belə, o, müdafiə etdiyi şəxsin təqsirini etiraf edib-etmədiyi barədə danışmayıb. Vəkil bildirib ki, Navai işin təfərrüatlarının mətbuatda müzakirə olunmasını istəmir.

Qeyd edək ki, oktyabrın 14-də Qazaxıstana giriş zamanı reperin olduğu avtomobildə narkotik maddə aşkarlanıb. Bundan sonra Nəvai Bəkirov iki ay müddətinə həbs edilib və hazırda müvəqqəti saxlama təcridxanasında saxlanılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)