Kim Çen Inın ölüm xəbərinin yayılmasından sonra Şimali Koreyada hakimiyyətin onun bacısı Kim Yo Çjona keçməsi iddia olunub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iddiaları Çin Demokratiya Partiyasının sədri Vançjun Sye səsləndirib.
O, Kim Çen Inın qansızmadan öldüyünü, Çinin isə mümkün hakimiyyət böhranı fonunda Pxenyana təxminən 9 min hərbçi göndərdiyini irəli sürüb.
Qeyd edək ki, Kim Çen Inın ölümü, bacısının hakimiyyətə gəlməsi və Çin hərbçilərinin göndərilməsi barədə iddiaların heç biri müstəqil mənbələrlə təsdiqlənməyib.
Şayiələr fonunda Kim Çen Inın mümkün varisi məsələsi yenidən gündəmə gəlib. Namizədlərdən biri kimi son illərdə atasını rəsmi tədbirlərdə mütəmadi müşayiət edən qızı Kim Cu Enin adı çəkilir. Onun hərbi paradlarda, dövlət mərasimlərində və müdafiə obyektlərinə səfərlərdə iştirakı daha əvvəl hakimiyyətin gələcəkdə ötürülməsinə hazırlıq görüldüyü barədə ehtimallara səbəb olub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)