Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - (Video)

20 Oktyabr 2026 00:31

Xırdalanda çoxmərtəbəli yaşayış binasına əlavə iki mərtəbənin inşa edilməsi sakinlərin narazılığına səbəb olub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət "Abşeron A1" MTK tərəfindən inşa edilən və artıq 10 ildən çoxdur istifadədə olan yaşayış binasından gedir.

Sakinlərin sözlərinə görə, uzun illərdir yaşayış üçün istifadə olunan binanın üzərində yeni mərtəbələrin inşa edilməsi binanın dayanıqlığı və təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurur.

Çəkiliş apardığımız müddətdə də binada tikinti işlərinin aparıldığının şahidi olduq.

Sakinlər əlavə mərtəbələrin inşasının binanın yükdaşıma qabiliyyəti, tikinti layihəsinin tələbləri və təhlükəsizlik qaydalarına uyğunluğu ilə bağlı ciddi narahatlıqlar yaratdığını bildirirlər.

Tikinti işlərini icra edən "Abşeron A1" MTK rəhbərliyindən məsələyə münasibət öyrənməyə çalışdıq. Binanın komemdantı Qədir Qədirov tikintinin tam qanuni aparıldığını bildirdi.

Komendant əlavə tikilən 8 mənzillin hələ satışa çıxarılmadığını qeyd etdi.

Abşeron Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, "Abşeron-A1" MTK-nın yaşayış kompleksinin 1 və 3 nömrəli bloklarında mansard mərtəbəsinin artırılması ilə bağlı müvafiq sənədlər təqdim etdiyi müəyyənləşib. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumu tərəfindən tikinti üçün ekspertiza rəyi verilib. Həmçinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin sənədində də tikinti layihəsinin şəhərsalma və tikinti normalarına uyğun həyata keçirilməsi ilə bağlı məlumat əksini tapıb.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)