Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - (Foto)

19 Oktyabr 2026 18:33

"Real Madrid" və "Sevilya" komandaları arasında keçirilən qarşılaşma mübahisəli hakim qərarları ilə gündəmə gəlib. Xüsusilə türk futbolçu Arda Gülərin rəqib futbolçuya dirsək zərbəsi endirməsindən sonra meydandan qovulmaması "Sevilya" tərəfinin ciddi narazılığına səbəb olub.

Milli.Az Globalinfo.az-a istinadla xəbər verir ki, "Sevilya"nın baş məşqçisi Luiz Qarsiya Plaza hakimlərin həmin epizodda düzgün qərar vermədiyini bildirib. Onun fikrincə, Arda Gülər qırmızı vərəqə ilə cəzalandırılmalı, Madrid klubu isə oyunun böyük hissəsini azlıqda keçirməli idi.

Qalmaqalı daha da böyüdən məqam isə həmin epizoddan az sonra Arda Gülərin qol vurması olub. Türkiyəli futbolçu qarşılaşmanın 30-cu dəqiqəsində hesabı açaraq "Real Madrid"i önə keçirib.

Qeyd edək ki, qarşılaşma "Real Madrid"in 4:1 hesablı qələbəsi ilə başa çatıb. Kylian Mbappe iki dəfə, Arda Gülər və Yan Diomande isə bir dəfə fərqləniblər. "Sevilya"nın yeganə qolunu Manu Bueno vurub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)