Dünyanın aparıcı aviaşirkətlərinin rəhbərləri hesab edirlər ki, aviasiya yanacağının qiyməti uzun müddət yüksək olaraq qalacaq və uçuş biletlərinin qiymətini artırmaq lazım gələ bilər.
Bu barədə "Financial Times" (FT) nəşrində məqalə dərc olunub.
FT-nin yazdığına görə, Böyük aviaşirkətlər ABŞ-İran münaqişəsi başlayandan sonra aviasiya yanacağının yüksək qiymətlərinin "yeni norma"ya çevrildiyini bildirirlər. Aviaşirkət rəhbərləri xərclərin artımını kompensasiya etmək üçün biletlərin qiymətini daha da artırmaq zərurəti ilə əlaqədar sərnişinlərin bu bahalaşma ilə razılaşmayacağından ehtiyat edərək, qarşıdakı illərdə çətinliklərə hazırlaşırlar.
Əvvəllər aviaşirkətlər Hörmüz boğazının bağlanması nəticəsində qiymətlərin kəskin artmasından sonra enerji daşıyıcılarına çəkilən xərclərin azalacağına ümid edirdilər. Lakin indi aviaşirkət rəhbərləri yanacağın uzun müddət bahalı qalacağını düşünürlər.
"Düşünürəm ki, bizi qarşıdakı üç-beş il ərzində çətinliklər gözləyir. Tələb hələ də var... Lakin qiymətləri artırmaq imkanlarımız məhduddur", - "TAP Air Portugal" aviaşirkətinin baş icraçı direktoru Luis Rodriges "Financial Times"a müsahibəsində bildirib.
Daha bir neçə aviaşirkət rəhbəri geosiyasi qeyri-sabitliyin səbəb olduğu inflyasiyanın sürətlənməsi fonunda tələbin zəifləyə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən uzunmüddətli artım planlarına yenidən baxılacağını gözlədiklərini bildiriblər.
Bununla belə, "Financial Times" analitik şirkət OAG-yə istinadən yazır ki, statistik məlumatlara əsasən, sərnişinlər daha tez-tez uçmağa başlayıblar. Şirkətin məlumatına görə, 2026-cı ilin ilk yarısında 2,3 milyard aviabilet bron edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur.
ABŞ-nin "Delta Air Lines" aviaşirkəti bu ay biletlərin qiymətinin orta hesabla 20 faiz artmasına baxmayaraq, tələbin demək olar ki, azalmadığını bildirib. Bununla belə, əksər aviaşirkətlər yanacağın qiymət dəyişkənliyindən qorunmaq üçün bağlanmış "hedcinq" müqavilələrinin müddətinin başa çatması səbəbindən tarifləri daha da artırmağa hazırlaşırlar.
Nəşrin yazdığına görə, İtaliyanın "ITA Airways" aviaşirkəti yanacaq böhranı başlamazdan əvvəl ehtiyac duyduğu yanacağın təxminən 80 faizini alıb, lakin o vaxtdan bəri yeni müqavilələr bağlamayıb. Şirkətin rəhbəri Yorq Eberhart bildirib ki, bu səbəbdən aviaşirkət gələn il qiymət dəyişkənliyinə qarşı daha həssas olacaq.
"Hamı kimi biz də qiymətləri artırmağa çalışacağıq", - o deyib.
Cənubi Amerikanın ən böyük aviaşirkəti olan "Latam Airlines"in baş icraçı direktoru Roberto Alvo isə sektorun probleminin tələblə deyil, xərclərlə bağlı olduğunu bildirib.
"Tələblə bağlı problemimiz yoxdur. Xərclərlə bağlı problemimiz var və bunun öhdəsindən gəlmək, yəqin ki, daha asandır", - o qeyd edib.
Bununla belə, aviaşirkət rəhbərləri sərnişinlərin səyahət etmək istəyinin yaxın vaxtlarda zəifləyə biləcəyindən narahatdırlar.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)