Süni qidalar gündəlik həyatımıza daxil olur: Nələrə diqqət etməliyik?

19 Oktyabr 2026 17:50

Son dövrlər süni qidaların istehsalı və gündəlik istehlakda istifadəsi ilə bağlı müzakirələr genişlənir. ABŞ-də plastik tullantılar və kənd təsərrüfatı qalıqlarından peçenye hazırlanması barədə yayılan xəbərlər isə bu məhsulların insan orqanizminə mümkün təsirləri ilə bağlı suallar yaradıb.

Bəs süni üsullarla hazırlanan qidalar sağlamlıq üçün nə dərəcədə risklidir? Belə məhsulların istehlakına hansı şərtlər daxilində yol verilə bilər?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı paytaxt sakinlərinin fikirləri öyrənilib. Respondentlərin bir qismi süni qidaların sağlamlığa mənfi təsir göstərə biləcəyini düşünür. Onlar bu cür məhsulların ölkəyə idxalına nəzarətin gücləndirilməsinin tərəfdarıdırlar.

Sakinlərdən biri bildirib ki, əvvəlki illərlə müqayisədə təbii süd məhsullarının keyfiyyəti ilə bağlı narahatlıqlar artıb. Onun fikrincə, bazarda təbii məhsullara olan etimadın azalması insanları alternativ qida seçimləri axtarmağa vadar edir.

Mütəxəssislərin diqqətə çatdırdığı məqamlardan biri də texnologiyanın inkişafı ilə alternativ qida istehsalının gələcəkdə daha geniş yayılma ehtimalıdır. Bununla yanaşı, belə məhsulların qida rasionuna daxil edilməsi zamanı onların tərkibi və qida dəyəri nəzərə alınmalıdır.

Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru Abbas Bağırovun sözlərinə görə, alternativ qidalar bəzi fövqəladə vəziyyətlərdə ərzaq çatışmazlığının aradan qaldırılması üçün faydalı ola bilər.

O qeyd edib ki, bu tip qidaların tərkibi orqanizmin vitamin, mineral və enerji ehtiyaclarını uzun müddət tam şəkildə qarşılamaq üçün yetərli olmaya bilər.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)