Göldə çimərkən qızıl külçəsi tapdı: 6 ay sonra sərvət onun oldu

19 Oktyabr 2026 07:07

Almaniyanın Bavariya əyalətindəki Kyoniqsze gölündə istirahət edən 16 yaşlı qız suyun 2 metr dərinliyində təxminən 500 qramlıq qızıl külçəsi tapıb. 2015-ci ildə baş vermiş bu qeyri-adi hadisə beynəlxalq mətbuatda yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, yarım kiloqram ağırlığındakı qızıl külçəni tapdıqdan dərhal sonra polise təhvil verən gənc qızın bu addımı səlahiyyətlilər tərəfindən nümunəvi davranış kimi qiymətləndirilib:

Kriminalistlər külçənin üzərindəki silinmiş nömrəni xüsusi üsulla bərpa etsələr də, qızılın hər hansı bir cinayətlə əlaqəsini tapmaq mümkün olmadı.

Almaniya qanunvericiliyinə əsasən, tapılan qiymətli əşya 6 ay ərzində saxlanılır. Bu müddətdə qızılın sahibi ortaya çıxmadığı üçün mülkiyyət hüququ qanuni olaraq onu tapan gənc qıza təhvil verilib (2016-cı ildə).

Təxminən 18 min 500 dollar dəyərində olan bu külçənin gölün dibinə təsadüfən düşdüyü, yoxsa bilərəkdən atıldığı hələ də məlum deyil.

Son günlər sosial şəbəkələrdə və mətbuatda yeni xəbər kimi yayılan bu hadisə əslində 2015-ci ildə baş verib və arxiv xəbərinin yenidən gündəmə gəlməsidir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)