Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)

18 Oktyabr 2026 22:31

Bağlı yolda quraşdırılan nişan sürücülərin narazılığına səbəb olub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu barədə sürücülərdən biri sosial şəbəkə hesabında paylaşım edib.

Sürücü paylaşımında bildirib ki, Badamdar-"20-ci sahə" avtomobil yolunda quraşdırılan giriş qadağandır nişanı yolun bitməsinə az qalmış yerləşdirildiyindən onlar bir neçə yüz metr yolu gəlib sonra geri qayıtmağa məcbur olurlar.

Sürücülər bildirirlər ki, narahatedici məqam isə təhlükəsizliklə bağlıdır. Sürücülərin iddiasına görə, bəzi avtomobillər yüksək sürətlə hərəkət etdiyindən yolun bağlı olduğunu vaxtında görməyə bilirlər. Xüsusilə axşam saatlarında görünüş məsafəsinin azalması beton bloklarla toqquşma riskini artırır.

Məsələ ilə bağlı aidiyyəti qurumlardan isə bildirildi ki, sürüşməyə görə bağlı olan yola əvvəlcədən yolun bağlı olması ilə bağlı məlumat lövhəsi quraşdırılıb. "Giriş qadağandır" nişanının yerləşdirildiyi əraziyə qədər yaşayış evləri var və sakinlər həmin hissədən istifadə edirlər. Bu səbəbdən girişin qadağan olunması nişanının daha əvvəl quraşdırılması məqsədəuyğun hesab edilmir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)