Bakıda Yaponiya və Azərbaycan bizneslərini bir araya gətirən beynəlxalq sərginin ilk günündə 45 Yapon şirkəti və 500-dən çox Azərbaycan şirkət nümayəndəsi iştirak edib
18-19 oktyabr tarixlərində Baku Marriott Hotel Boulevardda keçirilən tədbir Yaponiya ilə Azərbaycan arasında biznes, investisiya, ticarət, texnologiya, gözəllik, qida, turizm və digər sahələr üzrə əlaqələrin genişləndirilməsinə xidmət edən mühüm beynəlxalq platforma kimi diqqət çəkir.
Sərginin ilk günündə Yaponiyadan 45 şirkət öz məhsul və xidmətlərini xüsusi stendlərdə Azərbaycan bazarına təqdim edib. İştirakçı şirkətlər müxtəlif sektorları əhatə etməklə Yaponiyanın innovativ məhsullarını, texnologiyalarını və biznes həllərini Azərbaycan sahibkarları və istehlakçıları ilə bir araya gətirib.
Yapon şirkətlərinin təqdim etdiyi əsas istiqamətlər arasında qida və içki məhsulları, kosmetika, beauty və şəxsi qulluq məhsulları, üz və dəriyə qulluq vasitələri, saç baxımı məhsulları, təmizlik və gigiyena məhsulları, kosmetoloji avadanlıqlar, müxtəlif texnologiyalar və digər istehlak və biznes məhsulları yer alıb.
Sərgi çərçivəsində Yaponiyanın müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri Azərbaycan şirkətləri ilə birbaşa əlaqələr qurmaq, məhsullarını təqdim etmək, potensial tərəfdaşlarla görüşmək və Azərbaycan bazarının imkanlarını öyrənmək imkanı əldə edib.
Tədbirin Azərbaycan tərəfindən iştirakçıları arasında isə müxtəlif sektorlarda fəaliyyət göstərən 500-dən çox şirkətin nümayəndəsi və biznes subyekti yer alıb. Bu göstərici tədbirə Azərbaycan biznes dairələrinin yüksək marağını və Yaponiya ilə iqtisadi və kommersiya əlaqələrinin inkişafına olan tələbatı nümayiş etdirir.
THE JAPAN ESSENCE GLOBAL EXPO 2026 yalnız sərgi formatı ilə məhdudlaşmır. Tədbir həmçinin B2B görüşlər, biznes müzakirələri, təqdimatlar, panel sessiyaları, məhsul nümayişləri və müxtəlif sahələr üzrə peşəkar görüşlər üçün platforma yaradır.
İlk gün ərzində iştirakçılar arasında xüsusilə gözəllik və kosmetologiya, qida və içki, istehlak məhsulları, xidmətlər, texnologiya, ticarət və investisiya istiqamətlərində böyük maraq müşahidə olunub.
Yapon şirkətlərinin beauty və şəxsi qulluq sektorundakı təqdimatları da sərginin diqqət çəkən istiqamətlərindən biri olub. Saç baxımı, dəri və üz qulluğu, kosmetoloji məhsullar və peşəkar kosmetoloji avadanlıqların nümayişi Azərbaycan gözəllik sənayesi nümayəndələri, kosmetoloqlar, saç ustaları, salonlar və distribyutorların marağına səbəb olub.
Qida və içki sektoru üzrə Yaponiyanın müxtəlif məhsullarının təqdim edilməsi isə Azərbaycan və Yaponiya arasında gastronomik və kommersiya əlaqələrinin inkişafı baxımından yeni imkanlar yaradıb.
Tədbirin əsas məqsədlərindən biri Yaponiya şirkətlərinin Azərbaycan bazarına çıxış imkanlarını genişləndirmək, Azərbaycan sahibkarlarını Yaponiyanın qabaqcıl məhsul və texnologiyaları ilə tanış etmək və iki ölkənin biznes nümayəndələri arasında uzunmüddətli əməkdaşlıqlar üçün zəmin yaratmaqdır.