Bankdan güzəştli şərtlərlə kredit götürmək istəyən Mənsimovlar ailəsi dələduzluğa məruz qalıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sosial şəbəkədə özlərini bank nümayəndəsi kimi təqdim edən şəxslər Gəncə sakini olan Mənsimovlar ailəsinə sərfəli kredit şərtləri təklif ediblər. Ailə isə bu vədə inanaraq onların tələblərini yerinə yetirib.
Zərərzəkmiş Kəmalə Mənsimova deyir ki, sosial şəbəkədə elan yerləşdirən "Turanbank" səhifəsinə müraciət ediblər: "Bir saat sonra dedilər ki, sizə kredit düşür. Dedilər ki, bizə "Kapital bank" kartı atın, 16 min manat ayıraq. Yoldaşım öz kartını atdı, dedilər ki, bunda limit yoxdur. Başqa kart istədilər. Bu da komandirinin razılığı ilə onun kartını atıb".
Beləliklə, kredit məbləği hesaba köçürülüb. Lakin dərhal sonra dələduzlar növbəti yalanı işə salıblar. Onlar pulun köçürülməsi zamanı xəta baş verdiyini bildirərək məbləğin hesabdan çıxarılmasını və geri qaytarılmasını tələb edıblər: "Həmin adamın adına 22 min kredit ayrılıb. Sonra bank işçisi bunu görüntülü yığıb ki, sizə pulu artıq atmışıq. Siz o pulu bizə qaytarın, 16 mini az faizlə hissəyə bölüb sizin karta yönəldək. Bunlar da gedib pulu çıxarıb və həmin karta atıb. Çeklər də var. Aradan 2 saat keçəndə bu adam bilib ki, adında 22 min manat kredit var".
Bundan sonra aldadıldıqlarını başa düşən Mənsimovlar ailəsi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, vətəndaşın pul vəsaitinin ələ keçirilməsi ilə bağlı ərazi polis şöbəsinə müraciəti daxil olub. Hazırda müraciət əsasında araşdırma aparılır.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)