Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Xatırladaq ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının II Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsində çalışan sanitar qadının köməksiz və huşsuz vəziyyətdə olan pasiyentə qarşı zorakılıq göstərdiyi müəyyən edilib.
----------
Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb.
Bildirilib ki, hadisədən əvvəl 70 yaşlı kişi pasiyent huşsuz vəziyyətdə olarkən altını batırıb. Buna hiddətlənən qadın isə köməksiz vəziyyətdə olan pasiyenti nalayiq ifadələrlə təhqir edib və fiziki şiddət göstərib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparılan araşdırma zamanı II Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitar qadının stasionar müalicədə olan, köməksiz və huşsuz vəziyyətdəki pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib:
"Faktla bağlı müəssisənin Tibbi Şurasında iclas keçirilib. Əməkdaşın əmək funksiyalarını və peşə etikası qaydalarını kobud şəkildə pozması, habelə əvvəlki intizam tənbehləri nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 07.10.2026-cı il tarixindən xitam verilib".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)