Azərbaycanda bir sıra bölgələrdə ictimai asayişi pozanlar həbs olunub.
Milli.Az lent.az-a istinadla xəbər verir ki, hadisələr Abşeron rayonu Masazır, Babək rayonu Nehrəm qəsəbələri, Sumqayıt və Mingəçevir şəhərləri, həmçinin Hacıqabul, eləcə də Masallı rayonlarında qeydə alınıb.
Hacıqabulda 2 nəfər olmaqla ümumilikdə 7 nəfər məktəblərin yaxınlığında ucadan nalayiq ifadələr işlədərək, ictiami asayişi pozublar. Ərazidə xidmətdə olan polis əməkdaşları onlara irad bildirərək, hərəkətlərini dayandırmalarını desələr də, həmin şəxslər qanuni tələbə məhəl qoymayaraq, əməllərinə davam ediblər.
Nəticədə polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların hər biri barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.
Ərazi üzrə məhkəmələrin qərarı ilə həmin şəxslərdən üçü 25, ikisi 10, biri 15 gün və digəri isə 1 ay müddətinə inzibati qaydada həbs olunublar.
Qeyd edək ki, bundan əvvəl də ictimai asayişi pozan bir neçə nəfərin həbs olunması barədə xəbər vermişdik.