Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

17 Oktyabr 2026 10:48

Yaponiyada 9,9 bal gücündə zəlzələ baş verdiyinə dair yayılan yanlış xəbər əhali arasında təşviş yaradıb.

Milli.Az xəbər verir ki, oktyabrın 16-da Yaponiya Meteorologiya Agentliyi Kuril adaları ərazisində güclü zəlzələ qeydə alındığı barədə təcili xəbərdarlıq yayıb.

Bildiriş Hokkaydodan ölkənin mərkəzi bölgələrinə qədər geniş ərazidə mobil telefonlar və fövqəladə xəbərdarlıq sistemləri vasitəsilə insanlara çatdırılıb. Lakin agentlik cəmi 8 dəqiqə sonra, yerli vaxtla saat 12:48-də xəbərdarlığı ləğv edib.

Araşdırma zamanı məlum olub ki, zəlzələ həqiqətən baş verib, lakin onun gücü sistem tərəfindən yanlış hesablanıb. Rusiyanın Kamçatka yarımadası yaxınlığında 6,9 bal gücündə yeraltı təkan qeydə alınıb. Yaponiyanın Hokkaydo bölgəsində yerləşən Hakodate şəhərində isə təkanın intensivliyi 1 bal səviyyəsində olub.

Hadisədən sonra sunami təhlükəsi yaranmayıb. ABŞ-ın Milli Sunami Xəbərdarlıq Mərkəzi də sunami riskinin olmadığını açıqlayıb.

Qeyd edək ki, 9,9 bal gücündə zəlzələ baş versəydi, bu, instrumental müşahidələr tarixində qeydə alınmış ən güclü zəlzələdən də yüksək göstərici olardı. İndiyədək ən güclü zəlzələ 1960-cı ildə Çilidə baş verib və onun maqnitudası 9,5 olub.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)