Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?

17 Oktyabr 2026 04:04

2016-cı ildə yapon alimi Yoşinori Ohsumi maya hüceyrələri üzərində apardığı araşdırmalara görə Nobel Təbabət Mükafatına layiq görüldü. Onun kəşfi hüceyrələrin zədələnmiş hissələrini parçalayaraq yenidən istifadə etməsini təmin edən otofagiya (özünü təmizləmə) mexanizmini ortaya çıxardı.

Milli.Az xəbər verir ki, lakin internetdə iddia edildiyi kimi uzun müddət ac qalmağın qocalmanı geriyə qaytarması barədə bəzi yanlış təsəvvürlər var.

Otofagiya neçə saatlıq acılıqdan sonra başlayır?
İnternetdə otofagiyanın 12, 16 və ya 24 saatlıq acılıqdan sonra başladığı tez-tez iddia edilsə də, insanlarda bu prosesin dəqiq hansı saatda aktivləşdiyini göstərən heç bir qəti elmi hədd yoxdur.

Ac qalmaq otofagiyaya təsir etsə də, bu bütün orqanlar üçün eyni dərəcədə keçərli deyil.

Qidalanmaqla yanaşı yuxu rejimi, bioloji saat və hüceyrənin enerji balansı da bu prosesdə mühüm rol oynayır.

Uzunmüddətli ac qalmağın riskləri
Otofagiyanı aktivləşdirmək üçün günlərlə ac qalmaq risklidir; bu, başağrısı, başgicəllənmə və elektrolit balansının pozulmasına gətirib çıxara bilər. Xüsusilə diabet xəstələri, xroniki xəstəliyi olanlar və mütəmadi dərman qəbul edənlər uzunmüddətli acılıq pəhrizlərindən əvvəl mütləq həkimlə məsləhətləşməlidir.

Otofagiya hüceyrə yenilənməsi üçün vacib mexanizm olsa da, insanlarda qocalmanı ləngitdiyi və ya ömrü uzatdığı hələ ki tam sübuta yetirilməyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)