Türkiyəli jurnalist Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib.
Milli.Az xəbər verir ki, o, bu barədə özünün "X" sosial şəbəkəsindəki hesabından paylaşım edib.
Jurnalist Azərbaycanın daxili qərarları ilə bağlı işlətdiyi ifadələrin etik sərhədləri aşdığını etiraf edib və buna görə təəssüfləndiyini bildirərək, üzrünün qəbul olunmasını xahiş edib.
"Açıqlamalarımın qardaş Azərbaycanda səbəb olduğu inciklik və üzüntüyə görə peşmanam. İşlətdiyim ifadələrin məqsədimi aşmasına görə Azərbaycan dövlətindən və Azərbaycan xalqından açıq şəkildə və səmimi-qəlbdən üzr istəyirəm. Səmimi üzrümün qəbul edilməsini hörmətlə xahiş edirəm", - deyə o, qeyd edib.
Celal Çiftçi Azərbaycan dövlətinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmətlə yanaşdığını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu Türkiyə vətəndaşı, "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçinin Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar və dini nifrətin salınması ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilməsi ilə bağlı məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən 1975-ci il təvəllüdlü Celal Çiftçi tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması barədə daxil olmuş məlumatlar əsasında araşdırmalar aparılıb.
Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 nömrəli qərarından sonra hakimiyyətin çevriliş və zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, dini nifrət və düşmənçiliyin salınmasına və təşviqinə yönələn dini radikalizm məzmunlu materialların təkrar yayılması müəyyən olunub. Həmin materiallar arasında süni intellekt vasitəsilə hazırlananların da olduğu qeyd edilib.
Toplanmış materiallar əsasında Baş prokuror tərəfindən oktyabrın 16-da Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)