Əhmədli metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu istifadəyə verilir

16 Oktyabr 2026 18:41

Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin "Quşçuluq" yaşayış massivi ərazisində yaşayan sakinlərin ictimai nəqliyyata tələbatı nəzərə alınaraq oktyabrın 18-dən metronun "Əhmədli" stansiyasından bu mənətəqələrə 218 nömrəli yeni müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.

Bu barədə Milli.Az-a AYNA-dan məlumat verilib.

Marşrut xəttində ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri istismar olunacaq.

Avtobuslar saat 06:00-dan 23:00-dək 12-15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Marşrutda ödənişlər nağdsız qaydadadır. Gedişhaqqı 0,80 AZN müəyyən edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)