Milli İncəsənət Muzeyində “Cənnətin İqamətgahı” filmi nümayiş olunub - (Foto)

16 Oktyabr 2026 15:36

Azərbaycan Milli İncəsənət Muzeyində Ordubadın tarixi-mədəni irsinə həsr olunmuş "Cənnətin İqamətgahı" bədii-sənədli-etnoqrafik filminin nümayişi keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatında, ICESCO-nun tərəfdaşlığı və Real Təhlil İnformasiya Mərkəzinin informasiya tərəfdaşlığı ilə "Azernyumedia" şirkətində istehsal olunan 45 dəqiqəlik ekran əsəri Ordubadın zəngin tarixi-mədəni irsini, qədim məhəllələrini, özünəməxsus adət-ənənələrini, etnoqrafik xüsusiyyətlərini və musiqi irsini əhatə edir.

Film Ordubadın əsrlər boyu qorunub saxlanılan mədəni dəyərlərini, gündəlik həyat tərzini və bölgəyə xas ənənələri musiqi və etnoqrafik elementlərin vəhdətində təqdim edir. Ekran əsərində şəhərin tarixi yaddaşının, yerli adət-ənənələrin və mədəni irs nümunələrinin araşdırılması və tanıdılması xüsusi yer tutur.

Nümayişdən sonra filmin əsas iştirakçıları - bayatıların ifaçısı İlahə Murad və bəstəkar Siyavuş Kərimi ilə görüş keçirilib. Görüş zamanı ekran əsərinin ideyası, çəkiliş prosesi, musiqi həlləri və filmdə əks olunan tarixi-etnoqrafik mövzular ətrafında söhbət aparılıb.

Tədbirin davamında qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyinin "Azərbaycan incəsənəti 1920-1980-ci illər" ekspozisiyası ilə tanış olublar. Ekspozisiyada nümayiş olunan əsərlər vasitəsilə həmin dövr Azərbaycan təsviri sənətinin inkişaf xüsusiyyətləri və rəssamların yaradıcılıq axtarışları ilə tanışlıq imkanı əldə ediblər.

Qeyd edək ki, "Cənnətin İqamətgahı" sənədli-musiqili-etnoqrafik filmi "Azərbaycan Mədəniyyəti - 2040" konsepsiyası çərçivəsində istehsal olunan ilk ekran əsəridir. Film Ordubadın tarixi-mədəni irsinin geniş auditoriyaya tanıdılması baxımından əhəmiyyət daşıyır.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az