Külək 8 balı keçərsə, bu işlər qadağan olunacaq

16 Oktyabr 2026 12:38

Küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, işçilər küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda) işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr veriləcək və iş dayandırılacaq.

Həmçinin, küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.

İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.

İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Qeyd edək ki, qanun layihəsinin hazırlanmasının əsas məqsədi müasir yükqaldırıcı qurğuların texniki dözümlülük göstəricilərini nəzərə almaqla Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinə daxil edilmiş limanlarda istismar olunan kranların küləkli hava şəraitində təhlükəsiz və səmərəli istifadəsinə şərait yaratmaqdır.

Hazırda küləyin gücü 6 bal və daha artıq olduqda quruda kranlarla görülən bütün növ işlərin dayandırılması nəzərdə tutulur. Lakin mövcud norma müasir, xüsusilə yeni nəsil qüllə və mobil kranların texniki imkanlarını və dözümlülük göstəricilərini tam nəzərə almır. Belə ki, kranın texniki pasportunda daha yüksək külək sürətində istismara icazə verildiyi halda belə, mövcud qanunvericilik həmin kranların istifadəsini məhdudlaşdırır.

Beynəlxalq təcrübənin təhlili göstərir ki, bir sıra xarici ölkələrdə kranların külək şəraitində istismarı zamanı kranın istehsalçısı tərəfindən müəyyən edilmiş texniki göstəricilər və təhlükəsiz istismar şərtləri nəzərə alınır.

Bu məqsədlə sözügedən küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol verilməsi, küləyin gücü 8 baldan artıq olduqda isə həmin kranlarda görülən bütün növ işlərin hər bir halda dayandırılması təklif edilir.

Dəyişikliyin qəbul edilməsi nəticəsində işçinin təqsiri olmadan işin dayandırılması hallarının azalması əmək məhsuldarlığının və layihələrin vaxtında tamamlanmasının təmin edilməsi və iş prosesinin daha səmərəli təşkili gözlənilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)