Binəqədidə 6 yeni svetofor quraşdırıldı

16 Oktyabr 2026 12:33

Binəqədi rayonu, "Köhnə trolleybus parkı"nın yaxınlığı, "Tayqa" kəsişməsi adlanan hissədə svetoforlar quraşdırıldı

Milli.Az xəbər verir ki, nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt ərazisində yeni svetoforların quraşdırılması, eləcə də zəruri ərazilərdə mövcud svetofor obyektləri və dirəklərinin yeniləri ilə əvəzlənməsi işləri davam etdirilir.

Görülən işlər çərçivəsində Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ilə Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsində yeni svetoforlar quraşdırılıb. Qeyd olunan kəsişmədə nəqliyyat vasitələrinin hərəkətində yaranan sıxlıq və qəza riskləri nəzərə alınaraq, Mərkəzin əməkdaşları tərəfindən simulyasiya proqramından istifadə edilməklə təhlillər aparılıb.
Nəticədə kəsişmədə 3 ədəd "L" və 3 ədəd "A" tipli olmaqla, ümumilikdə 6 dirək üzərində nəqliyyat və piyada svetoforları quraşdırılıb. Bununla da Atatürk və Ziya Bünyadov prospektləri, habelə digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin kəsişməyə daxil olması daha təhlükəsiz olub. Eyni zamanda, piyadaların da kəsişmədə nizamlı hərəkəti təmin olunub.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)