Almaniyanın "Volkswagen" avtomobil istehsalçısı akkumulyatorlardakı mümkün təhlükə ilə əlaqədar minlərlə elektromobilin geri çağırılması üçün hazırlıq görür. Yoxlamalar zamanı müəyyən modellərdə yanğın riskinə səbəb ola biləcək istehsal qüsurları müəyyən edilib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin daxili araşdırmaları "ID" seriyasına daxil olan bəzi elektromobillərin yüksək gərginlikli akkumulyatorlarında nasazlıq olduğunu üzə çıxarıb.
"Volkswagen"dən bildirilib ki, nadir hallarda müşahidə edilən bu problem akkumulyatorun həddindən artıq qızmasına və nəticədə yanğına gətirib çıxara bilər.
Geri çağırılma tədbirlərinin 2023-2025-ci illərdə istehsal olunmuş "Volkswagen ID.3", "ID.4", "ID.7", "ID. Buzz" və "Cupra Born" modellərini əhatə edəcəyi gözlənilir. ABŞ-ın müvafiq qurumlarının məlumatına əsasən, nasazlıq ölkədə 22 mindən çox "ID.4" elektromobilinə təsir edib.
Şirkət Almaniyada və digər bazarlarda da problemin aradan qaldırılması üçün tədbirlər hazırlayır. Bununla belə, qüsurdan təsirlənən avtomobillərin dünya üzrə ümumi sayı hələ açıqlanmayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)