"Real Madrid"in sabiq hücumçusu Antonio Kassano iki məşhur futbolçu - Ronaldo Nazario və Kriştianu Ronaldu arasında seçim edərək braziliyalı oyunçunu daha güclü forvard hesab etdiyini bildirib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İtaliya futbolunun tanınmış siması bu fikirlərini "AS" nəşrinə müsahibəsində səsləndirib. Ronaldo Nazario ilə eyni komandada oynamaq fürsəti qazandığını deyən Kassano braziliyalı hücumçunun futbolçu keyfiyyətlərini xüsusi vurğulayıb.
"Mənə Ronaldo Nazario ilə eyni komandada oynamaq nəsib olub. Mən onun kimi ikinci bir mərkəz hücumçusu görməmişəm. O, həqiqətən də fenomenal və unikal idi. Karyerası ərzində zədələr yaşamasaydı, ağlasığmaz zirvələrə çata bilərdi. Əsl Ronaldo o idi, Kriştianu isə fenomen olan Ronaldonun sadəcə yarısı qədərdir", - deyə Kassano bildirib.
Qeyd edək ki, Ronaldo Nazario "Real Madrid"də çıxış etdiyi müddətdə bütün turnirlərdə 177 oyunda meydana çıxıb, 104 qol vurub və 34 məhsuldar ötürmə ilə yadda qalıb. Kriştianu Ronaldu isə Madrid klubunun heyətində keçirdiyi 438 matçda 450 dəfə fərqlənib, 131 məhsuldar ötürmə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)