Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)

16 Oktyabr 2026 10:17

Rusiyanın "AvtoVAZ" şirkəti "Lada" model ailəsinin ən güclü yolsuzluq avtomobili hesab edilən yenilənmiş "Niva Bronto"nun istehsalına başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə avtomobil istehsalçısının mətbuat xidməti məlumat yayıb.

Yenilənmiş model bir sıra texniki təkmilləşdirmələrlə diqqət çəkir. "Niva Bronto" "Niva Legend"dən 1,8 litrlik yeni mühərriki, gücləndirilmiş transmissiya elementlərini, sinklənmiş kuzov hissələrini, sürücü üçün təhlükəsizlik yastığını və təkmilləşdirilmiş əyləc sistemini əldə edib.

Dəyişikliklər nəticəsində avtomobilin mühərrik gücü 83 at qüvvəsindən 90 at qüvvəsinə yüksəlib. Fırlanma anı isə əvvəlki 129 Nm-dən 153 Nm-ə çatdırılıb.

Bununla yanaşı, modelin yolsuzluq şəraitində hərəkət imkanları da qorunub saxlanılıb. Avtomobil 235/75 R15 ölçülü şinlər, gücləndirilmiş ön asqı və arxa körpü, eləcə də hər iki oxda özükilidlənən təkərlərarası diferensiallarla təchiz olunub.

"Niva Bronto"nun xarici görünüşündə də özünəməxsus dəyişikliklər edilib. Model üçün xüsusi bamperlər, radiator barmaqlığı, təkər tağları və astanalar hazırlanıb. Bundan başqa, mühərrik, transmissiya və paylayıcı qutunun qoruyucu elementləri daha da möhkəmləndirilib.

İstehsalçının açıqlamasına görə, yeniliklər avtomobilin möhkəm və sərt yolsuzluq xarakterini daha qabarıq şəkildə əks etdirir.

Yenilənmiş "Niva Bronto"nun qiymətləri və komplektasiya seçimləri satışlar başlayanda açıqlanacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)