UEFA Çempionlar Liqasında "Qalatasaray" və "Barselona" arasında keçirilən oyundan sonra fransalı futbol əfsanəsi Tyerri Anri Lamine Yamalın çıxışını yüksək qiymətləndirib.
Milli.Az xəbər verir ki, məşhur hücumçu gənc futbolçunun "rabona" fəndinə xüsusi diqqət çəkərək onun bu hərəkəti necə etdiyini soruşub.
"Əvvəlcə səni bir daha təbrik edirəm, Lamine. Etdiyin şey həqiqətən inanılmazdır. Nə deyəcəyimi bilmirəm. Amma o rabona fəndini mənə izah edə bilərsənmi?" - deyə Anri bildirib.
Lamine Yamal isə rəqib müdafiəçilərin davranışını müşahidə etdikdən sonra bu fəndi etmək qərarına gəldiyini açıqlayıb.
"Son vaxtlar fikir vermişəm ki, hər dəfə cərimə meydançasının kənarına çatanda müdafiəçilər özlərini yerə atmağa meyilli olurlar. Həmin fəndi etmək üçün fürsət gördüm və bunu həyata keçirməyin ən yaxşı yolunun bu olduğunu düşündüm. Alındı və buna görə çox xoşbəxtəm", - deyə futbolçu cavab verib.
Gənc ulduzun texnikası və meydandakı yaradıcılığı futbol ictimaiyyətinin diqqətini çəkməkdə davam edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)