Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü bir sıra mühüm qərarların qəbulu ilə yekunlaşıb.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, sammit çərçivəsində Bakı Bəyannaməsi və Əməyin Təhlükəsizliyi və Sağlamlığın Qorunmasına dair Bəyanat qəbul edilib.
Eyni zamanda, Laos AQEM-in tamhüquqlu üzvü olub.
Azərbaycanın təşkilata sədrliyi səmərəli rəhbərliyinin tanınması olaraq 2026-2028-ci illər üçün uzadılıb.
Bundan başqa, səfir Sultan Hacıyev 2026-2030-cu illər üçün AQEM-in Baş katibi təyin edilib.
Kambocanın müvafiq konvensiyanı ratifikasiya etməsi ilə AQEM Katibliyinin İmtiyaz və İmmunitetləri haqqında Konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan proses tamamlanıb.
XİN-in məlumatında Asiyada çoxtərəfli əməkdaşlıq, nəqliyyat bağlantıları, sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə dair öhdəliklərin yeniləndiyi də vurğulanıb.
Bildirilib ki, Azərbaycan AQEM-in dialoq, etimad quruculuğu və birgə fəaliyyət platforması kimi gücləndirilməsinə sadiqdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)