Nyu-Yorkda V Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin Qala-konserti keçirilib - (Foto)

15 Oktyabr 2026 22:26

Nyu-Yorkun Linkoln Mərkəzində (Lincoln Center), Bruno Walter Auditorium zalında Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin (NMGCS) təşkilatçılığı ilə V Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin Qala-konserti keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Azərbaycan musiqisinin və türk xalqlarının zəngin folklor irsinin beynəlxalq səviyyədə tanıdılmasıdır.

Bu ilki müsabiqədə dünyanın beş qitənin 19 ölkəsindən bəstəkarlar iştirak ediblər. Ümumilikdə, NMGCS-in keçirdiyi beş müsabiqə nəticəsində 45-dən artıq ölkənin bəstəkarları tərəfindən təxminən 150 yeni musiqi əsəri yaradılıb.

Müsabiqənin münsiflər heyətinə Pulitzer mükafatı laureatı, amerikalı bəstəkar Melinda Wagner sədrlik edib. Münsiflər heyətində həmçinin Manhetten Musiqi Məktəbinin bəstəkarlıq şöbəsinin rəhbəri Reiko Füting və azərbaycanlı bəstəkar Elmir Mirzəyev təmsil olunublar.

Müsabiqənin qalibləri Türkiyədən Şafak Alıcıoğlu (I mükafat), Argentinadan Federico Beilinson (II mükafat) və Çin/ABŞ-dən Xun Wang (III mükafat) olublar.

Qala-konsert NMGCS-in prezidenti, Azərbaycanın Əməkdar artisti, pianoçu Nərgiz Əliyarovanın çıxışı ilə başlayıb. 

Konsert proqramında müsabiqədə birinci, ikinci və üçüncü yerlərə layiq görülmüş bəstəkarların əsərləri ifa olunub. Bununla yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə musiqisindən nümunələr səsləndirilib. 

Konsertdə İshaq Mavaşev adına Fondun "Critics' Choice Award" xüsusi mükafatı Türkmənistan bəstəkarı Rövşən Nepesova təqdim olunub. Mərasimdə Fondun icraçı direktoru Rafael Nektalov iştirak edib.

Nyu-Yorkda keçirilən Qala-konsert Azərbaycan musiqisinin və türk xalqlarının mədəni irsinin dünyada təbliğinə, beynəlxalq musiqi əlaqələrinin genişlənməsinə mühüm töhfə verib.