"Qarabağ"ın sabiq qapıçısı Mateuş Koxalski Azərbaycan və Polşa çempionatlarını müqayisə edib.
Milli.Az xəbər verir ki, hazırda Polşanın "Veçista Krakov" klubunda çıxış edən 26 yaşlı qolkiper "goal.pl" saytına müsahibəsində Azərbaycan Premyer Liqası ilə bağlı fikirlərini bölüşüb.
O, Polşa çempionatının səviyyəsini daha yüksək qiymətləndirib:
"Düşünürəm ki, Polşa Ekstraklasında hər şey daha yaxşıdır. Hər şey. Azərbaycanda buradakından yaxşı olan heç nə yoxdur".
Koxalski "Qarabağ"ın Polşa çempionatında hansı yerlər uğrunda mübarizə apara biləcəyi ilə bağlı sualı da cavablandırıb:
"Düşünürəm ki, "Qarabağ" ilk üçlük uğrunda mübarizə apara bilər. Bəli, məhz "Qarabağ". Çempionlar Liqasına vəsiqə qazanan "Sabah" da yüksək yerlərdən birini tuta bilər. Azərbaycan çempionatının digər komandaları isə bizim liqada qalmaq üçün ciddi çətinlik çəkərdilər".
Polşa millisinin son toplanışında iştirak edən qapıçı yenidən yığmaya dəvət almaq istədiyini də bildirib:
"Bilirəm ki, baş məşqçi məni izləyəcək. Sadəcə, mümkün qədər yaxşı oynamalı və az qol buraxmalıyam. Əlimdən gələn budur. Dəvət alacağıma ümid bağlamıram, amma çağırsalar, sevinərəm. Bu mövqeyə çoxlu namizəd var. Ona görə də milliyə düşmək və orada qalmaq üçün daha da yaxşı olmalıyam".
2029-cu ilə qədər "Veçista Krakov"la müqaviləsi olan Koxalski gələcəkdə daha güclü kluba keçmək ehtimalını da istisna etməyib:
"Hər bir futbolçu inkişaf etmək, irəli getmək və ən yaxşı klublarda oynamaq istəyir. Əgər həm mənim, həm də klubumun xeyrinə olacaq fürsət yaransa, bu, yaxşı olar. Amma hazırda əsas məqsədim bu deyil. "Veçista"ya yenicə qoşulmuşam və mümkün qədər yaxşı oynamalıyam. Əlbəttə, yüksək liqadan, böyük klubdan təklif alsam, düşünürəm ki, hamı məni başa düşər. Belə təklifi qəbul edərəm. Futbolçunun karyerası da belə inkişaf etməlidir. Ancaq hələlik klubumu dəyişməyi planlaşdırmıram".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)