ABŞ-nin "Citizens for Responsibility and Ethics in Washington" (CREW) təşkilatı Birləşmiş Ştatlar prezidentinin kürəkəni və xüsusi elçisi Cared Kuşnerə qarşı məhkəmədə iddia qaldıraraq, onu diplomatik vəzifələri qeyri-qanuni icra etməkdə günahlandırıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən qurumun rəsmi veb-saytında qeyd olunub.
CREW nümayəndələri təyinatla bağlı tələblər yerinə yetirilənə qədər Kuşnerin ABŞ liderinin elçisi kimi fəaliyyət göstərməsinə qadağa qoyulmasını və ondan maliyyə məlumatlarını açıqlamağı tələb edirlər. Təşkilat Donald Trampın ikinci prezidentlik müddəti başlayandan bəri Kuşnerə geniş diplomatik səlahiyyətlərin verilməsinə diqqət çəkib. Xüsusilə, o, Rusiya və Ukrayna, eləcə də İran tərəfi və digər rəsmilərlə danışıqlarda ABŞ-ni təmsil edir.
İddiaçılar vurğulayıblar ki, bütün bunlarla yanaşı, o, Senatın təsdiqindən keçməyib və əməkhaqqı barədə maliyyə bəyannamələrini təqdim etməyib. Bununla eyni vaxtda, Trampın kürəkəni "Affinity Partners" investisiya şirkətinə də rəhbərlik edir.
İddiaçıların sözlərinə görə, bu şirkətin vəsaitlərinin təxminən 99%-i Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və digər ölkələrdən olan xarici investorlara məxsusdur. CREW hesab edir ki, biznes fəaliyyətinin diplomatik işlə kəsişməsi maraqlar münaqişəsi riskləri yarada bilər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)