Elə siyasətçilər var ki, tarixə qazandıqları qələbələrlə düşürlər. Elələri də var ki, yaddaşlarda sarsıdıcı məğlubiyyətləri ilə qalırlar. Bir də Kamal Kılıçdaroğlu var. Öz siyasi səriştəsizliyini uzun illər davam edən karyeraya, partiyadaşlarının etimadını itirməsini isə yenidən hakimiyyət iddiasına çevirməyi bacarmış adam.
Onun siyasi tərcümeyi-halı ardıcıl məğlubiyyətlərin, hədsiz ambisiyaların, strateji korluğun və öz siyasi iflasını görməmək kimi heyrətamiz qabiliyyətin nadir məcmusudur.
Amma ən təəccüblüsü heç bu da deyil.
Bu gün Kılıçdaroğlu yenidən Türkiyənin Cümhuriyyət Xalq Partiyasına (CHP) rəhbərlik edir. Ancaq o, bu vəzifəyə seçkilərdə qalib gəldiyi üçün qayıtmayıb. Partiyadaşları onu əvəzolunmaz lider hesab etdikləri üçün də yox. Türkiyə cəmiyyəti öz siyasi xilaskarının geri dönməsini tələb etdiyi üçün isə heç yox.
Onu geri qaytaran məhkəmə qərarı olub.
Başqa sözlə, öz partiyasının rəhbərlikdən uzaqlaşdırdığı bir şəxs dövlət institutunun müdaxiləsi sayəsində yenidən sədr kürsüsünə əyləşib. Keçmiş silahdaşlarının əhəmiyyətli hissəsi bu cür bərpanı tanımaqdan imtina edəndə isə partiya parçalanıb.
Baş verənlərin siyasi mahiyyəti də məhz bundadır: Kılıçdaroğlu sədr kürsüsünü geri qaytardı, ancaq rəhbərlik etmək uğrunda bu qədər inadla mübarizə apardığı partiyanın böyük hissəsini itirdi.
Bu, artıq siyasətə möhtəşəm qayıdış hekayəsi deyil. Bu, öz dövrünün başa çatdığını etiraf etməmək naminə dağılmaqda olan təşkilatın sədri olaraq qalmağı üstün tutan bir adamın hekayəsidir.
Kılıçdaroğlu CHP-nin rəhbərliyinə 2010-cu ilin mayında gəlib. Həmin vaxt onun 61 yaşı vardı. Arxasında uzun illərin dövlət məmuru təcrübəsi, Türkiyənin maliyyə və sosial təminat sistemində fəaliyyəti dayanırdı. Lakin dövlət bürokratiyasında işləmək başqa, böyük siyasətdə uğur qazanmaq tamam başqa keyfiyyətlər tələb edir.
Kılıçdaroğlu 13 illik sədrliyi dövründə CHP-ni bir dəfə də olsun parlament seçkilərində qələbəyə apara bilmədi.
2011-ci ildə partiya səslərin təxminən 26 faizini topladı. 2015-ci ilin iyununda bu göstərici 24,95 faiz, noyabrında 25,32 faiz, 2018-ci ildə isə cəmi 22,65 faiz oldu.
Bu illər ərzində Türkiyə cəmiyyəti dəyişirdi. Ölkə iqtisadi sarsıntılardan, siyasi böhranlardan, daxili siyasi rəqabətin kəskinləşdiyi mərhələlərdən keçirdi. Hakim partiyaya qarşı ciddi narazılıq formalaşırdı. Amma Kılıçdaroğlu yenə uduzurdu.
Onun sədrliyi siyasi liderin öz məsuliyyətini etiraf etməzdən əvvəl neçə məğlubiyyətə tab gətirə biləcəyini müəyyənləşdirmək üçün aparılan uzunmüddətli təcrübəyə çevrilmişdi.
Nəticə isə heyrətamiz oldu: demə, belə məğlubiyyətlərin sayı, demək olar, sonsuz ola bilərmiş.
2023-cü ildə Kılıçdaroğlu müxalifətin uzun illər arzuladığı fürsəti əldə etdi. Prezident Rəcəb Tayyib Ərdoğana qarşı geniş siyasi ittifaq yaradılmışdı.
Müxtəlif siyasi qüvvələr birgə fəaliyyət barədə razılığa gəlmişdilər. Cəmiyyətin əhəmiyyətli hissəsi dəyişiklik tələb edirdi. İqtisadi çətinliklər müxalifətin əlinə hakimiyyətə qarşı kifayət qədər güclü arqumentlər vermişdi.
Bəs Kılıçdaroğlu nə etdi?
Özü prezidentliyə namizəd oldu.
2023-cü il mayın 28-də Ərdoğan səslərin 52,18 faizini toplayaraq qalib gəldi. Kılıçdaroğlu isə 47,82 faizlə kifayətləndi.
Aradakı fərq təxminən 2 milyon 330 min səs idi.
Müxalifət yenə məğlub olmuşdu.
Bundan sonra hətta CHP tərəfdarlarının çoxu sadə bir sual verirdi: illərlə Ərdoğanı məğlub edəcəyinə söz verən, amma bunu bacarmayan adam niyə yenidən partiyaya rəhbərlik etmək istəyir?
Kılıçdaroğlunun cavabı gözlənilən idi: getmək fikrində deyildi.
Lakin 2023-cü il noyabrın 5-də keçirilən partiya qurultayının nümayəndələri göstərdilər ki, onların səbri artıq tükənib.
Özgür Özəl 812, Kılıçdaroğlu isə 536 səs topladı.
Bu, nə böyük islahatçıya qarşı qurulmuş sui-qəsd, nə də silahdaşlarının nankorluğu idi. Bu, 13 illik rəhbərliyə verilən konkret siyasi qiymət idi.
Kılıçdaroğluya qapını göstərmişdilər.
Sonrakı hadisələr isə onun siyasi nüfuzuna daha ağır zərbə vurdu.
2024-cü il martın 31-də keçirilən bələdiyyə seçkilərində Özgür Özəlin rəhbərlik etdiyi CHP səslərin 37,77 faizini topladı. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) isə 35,49 faizlə kifayətləndi.
Uzun illərdən sonra ilk dəfə müxalifət partiyası yerli seçkilərdə ölkə üzrə ümumi səs faizinə görə hakim partiyanı qabaqladı.
İstanbul, Ankara, İzmir və digər mühüm bələdiyyələr müxalifətin nəzarətində qaldı. İstanbulda Əkrəm İmamoğlu 51,14 faiz, Ankarada Mansur Yavaş isə 60,44 faiz səs topladı.
Əlbəttə, bu uğuru yalnız sədrin dəyişməsi ilə izah etmək düzgün olmazdı. İqtisadi çətinliklər, yerli rəhbərlərin nüfuzu və cəmiyyətin hakim partiyadan yorulması da mühüm rol oynamışdı.
Amma Kılıçdaroğlu baxımından mənzərə son dərəcə alçaldıcı idi.
Adam 13 il ərzində CHP-nin niyə qalib gələ bilmədiyini izah etmişdi. Vəzifəsindən gedən kimi isə partiya tarixi nəticəyə imza atdı.
Bu, bütün məğlubiyyətlərin yalnız onun şəxsiyyəti ilə bağlı olduğunun riyazi sübutu deyil. Lakin siyasi baxımdan yaranmış təzad Kılıçdaroğlu üçün əsl sarsıdıcı zərbə idi.
Məhz bu məqamda məsuliyyətli siyasətçi birdəfəlik kənara çəkilə, meydanı yeni nəslə verə, partiyasına dəstək göstərərək öz nüfuzundan heç olmasa nə isə qoruyub saxlaya bilərdi.
Kılıçdaroğlu isə başqa yol seçdi.
O, geri qayıdacağı günü gözlədi.
2026-cı il mayın 21-də Ankara Apellyasiya Məhkəməsi CHP-nin 2023-cü il qurultayının nəticələrini ləğv etdi və Kılıçdaroğlunun başçılıq etdiyi əvvəlki rəhbərliyi müvəqqəti olaraq vəzifəsinə bərpa etdi.
Qərarın formal əsası Özəlin seçilməsi zamanı qanun pozuntularına yol verildiyi barədə iddialar idi.
Ancaq məsələ adi hüquqi mübahisə çərçivəsindən çoxdan çıxmışdı.
İnsan hüquqları təşkilatları və bir çox siyasi şərhçilər məhkəmənin müdaxiləsini müxalifətə vurulan zərbə kimi qiymətləndirdilər. Hakimiyyət nümayəndələri isə əksinə, qanunlara əməl olunmasının vacibliyini önə çəkirdilər.
Ərdoğanın Kılıçdaroğlunun vəzifəsinə bərpa edilməsi barədə şəxsən göstəriş verdiyini təsdiqləyən sübut yoxdur. Lakin prosesin siyasi nəticəsi hakim düşərgəyə o qədər sərfəli oldu ki, bu faktı görməzdən gəlmək mümkün deyil.
Elektoral dəstəyini artıran güclü müxalifət təşkilatı daxili çəkişmələr nəticəsində faktiki olaraq iflic vəziyyətinə düşdü.
Ərdoğanla siyasi mübarizənin yerini partiyanın baş qərargahı uğrunda savaş tutdu.
Növbəti seçkilərə hazırlığın yerini məhkəmə çəkişmələri, qarşılıqlı ittihamlar və partiya aparatı üzərində nəzarət uğrunda mübarizə aldı.
Tərəfdarların birləşdirilməsi əvəzinə isə faktiki parçalanma baş verdi.
Üstəlik, Kılıçdaroğlu qayıdışından sonra atdığı ilk əməli addımla nümayiş etdirdi ki, onun üçün əldə etdiyi hakimiyyəti qorumaq əvvəlki partiya rəhbərliyinin hüquqlarını müdafiə etməkdən daha vacibdir. Məhkəmə qərarından verilmiş şikayət üzərində çalışan CHP hüquqşünasları dəyişdirildi, yeni hüquqi nümayəndələr isə həmin şikayəti geri götürməyə cəhd göstərdilər.
Partiyadaxili demokratiyanın müdafiəçisi olduğunu iddia edən adamın davranışı budurmu?
Ardınca baş verənlər isə onun siyasi qayıdışını tam bir tragikomediyaya çevirdi.
2026-cı ilin iyulunda Özgür Özəl və 90 deputat CHP-ni tərk edərək Yeni Parti adlı siyasi təşkilat yaratdılar.
Yeni partiya parlamentdə 91 mandata sahib oldu. Kılıçdaroğlunun CHP-sində isə cəmi 44 deputat qaldı.
Rəqəmlər öz sözünü deyir.
Kılıçdaroğlu partiyaya rəhbərlik etmək üçün geri qayıtdı, amma əsas siyasi rəqibinin ardınca təşkilatı tərk edən parlament qrupu onun əlində qalan fraksiyadan iki dəfədən də böyük oldu.
İndi bütün bunlardan sonra həmin adam hələ də özünü ümummilli müxalifət lideri kimi təqdim etməyə çalışır?
Nəyin lideri?
Partiyanın lövhəsinin? Möhürlərinin? Arxivlərinin? Məhkəmə qərarı hesabına ələ keçirilmiş aparatın?
Siyasi partiyaların tarixində təşkilat üzərində hüquqi nəzarətlə onun nümayəndələrinin real dəstəyi arasındakı fərqi bundan daha aydın göstərən nümunə tapmaq çətindir.
Əsl lider insanları arxasınca aparır. Kılıçdaroğlu isə vəzifəsinə qayıtdı və insanların əhəmiyyətli hissəsi ondan üz döndərdi.
Bu, ən dəbdəbəli sədr masasının arxasında gizlədilməsi belə mümkün olmayan siyasi fəlakətdir.
Xüsusilə diqqətçəkən məqam odur ki, Kılıçdaroğlu keçmiş silahdaşları ilə mübarizə aparmaqla da kifayətlənmədi.
2026-cı ilin sentyabrında o, həbsdə saxlanılan Əkrəm İmamoğlunu siyasi məhbus hesab etməkdən imtina etdi. Mövqeyini isə İmamoğluya qarşı irəli sürülən ittihamların xarakteri ilə əsaslandırdı.
Burada İmamoğlunun günahsız olduğunu əvvəlcədən elan etməyə, yaxud ona qarşı açılmış bütün cinayət işlərini avtomatik olaraq siyasi motivli saymağa ehtiyac yoxdur. Məsələ tamamilə başqadır: özünü Türkiyənin əsas müxalifətçisi kimi təqdim edən adam niyə sərt mövqeyini ilk növbədə öz siyasi rəqiblərinə qarşı nümayiş etdirir? Axı onun partiyasının rəsmi olaraq başlıca siyasi rəqibi yenə də Ərdoğandır.
Əlbəttə, Kılıçdaroğlunun şəxsi mövqeyi ola bilər. Lakin onun siyasi davranışı getdikcə elə bir rəhbərin fəaliyyətini xatırladır ki, ölkədə hakimiyyət uğrunda mübarizədən daha çox müxalifət daxilindəki rəqibləri ilə haqq-hesab çəkməyə üstünlük verir.
Məhz buna görə də onun qayıdışı hakim düşərgə üçün bu qədər əlverişli oldu.
Ərdoğanın CHP-ni seçkilərdə darmadağın etməsinə ehtiyac qalmadı. Müxalifət partiyası öz daxili münaqişələrinin nəticəsində dağılmağa başladı.
Kılıçdaroğlu isə yenidən sədr kürsüsündən çıxış etmək imkanı qazandı.
Buradakı siyasi istehza, demək olar, mükəmməldir. Ərdoğanın dəfələrlə məğlub etdiyi adam elə bir prosesin nəticəsində müxalifətin rəhbərliyinə qaytarıldı ki, bu proses obyektiv olaraq Ərdoğanın rəqiblərini zəiflətdi.
Amma görünür, Kılıçdaroğlunun hələ Azərbaycanla məşğul olmağa da kifayət qədər vaxtı və siyasi özündənrazılığı qalıb.
Üstəlik, hicab ətrafında yaranmış indiki qalmaqal onun bəyanatlarının Bakıda ciddi suallar doğurduğu ilk hadisə deyil.
2023-cü ilin mayında Kılıçdaroğlu böyük təntənə ilə yeni İpək Yolu layihəsini təqdim etmişdi. O, Türkiyəni İran və Mərkəzi Asiya üzərindən Çinlə birləşdirəcəyini vəd edirdi.
Yayımlanan xəritədə təxminən 5500 kilometr uzunluğunda marşrut İran, Türkmənistan, Özbəkistan və Qazaxıstandan keçirdi.
Azərbaycan isə bu marşrutda yox idi.
Sanki xəritədən silinmişdi.
Onilliklər boyu beynəlxalq nəqliyyat kommunikasiyalarının inkişafına nəhəng vəsait yatıran, Türkiyə və Gürcüstanla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunu inşa edən, Orta Dəhlizin infrastrukturunu formalaşdıran, Transxəzər əlaqələrini gücləndirən Azərbaycan Türkiyədə prezidentlik iddiasına düşmüş bir siyasətçinin coğrafi təsəvvüründən kənarda qalmışdı.
Kılıçdaroğlu isə bütün bunları strateji layihə adlandırırdı!
İşin daha gülünc tərəfi o idi ki, həmin təqdimat keçirilən vaxt Bakı-Tbilisi-Qars dəmir yolu artıq beş ildən çox idi fəaliyyət göstərirdi. Bu xətt 2017-ci ilin oktyabrında istifadəyə verilmişdi.
Yəni Azərbaycanla Türkiyə real nəqliyyat xətləri çəkib konkret layihələr həyata keçirərkən Kılıçdaroğlu Ankaranın əsas müttəfiqindən yan keçən alternativ marşrutun xəritəsini nümayiş etdirirdi.
Əlbəttə, İran üzərindən keçən iqtisadi marşrutların da mövcud olmaq hüququ var. Lakin strateji layihə təqdim edən siyasətçi ən azı izah etməlidir ki, onun xəritəsində Azərbaycan niyə yoxdur və təklif etdiyi istiqamət artıq fəaliyyət göstərən nəqliyyat sistemi ilə necə uzlaşır.
Tənqidlərdən sonra Kılıçdaroğlu mövqeyini izah etməyə çalışdı. Babala TV-nin efirində Türkiyə-Azərbaycan dostluğunun müzakirə mövzusu belə ola bilməyəcəyini bildirdi və Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı.
Amma problem sonradan verilən izahatlarda deyil, ilkin konsepsiyanın özündə idi.
Əvvəlcə Azərbaycan olmadan "Türk yolu" təqdim etmək, sonra isə qardaşlığın sarsılmazlığı barədə hamını əmin etməyə çalışmaq, görünür, Kılıçdaroğlunun siyasi dəst-xəttinin səciyyəvi xüsusiyyətidir.
Əvvəl strateji səhvə yol ver, sonra da hamını inandırmağa çalış ki, guya səni düzgün başa düşməyiblər.
Üstəlik, bu layihəyə təkcə Azərbaycan hakimiyyətinin tərəfdarları etiraz etməmişdilər. Azərbaycan müxalifətinin nümayəndələri də təşəbbüsü tənqid etmişdilər.
Səbəb aydındır: Azərbaycanın maraqları Türkiyənin daxili partiya bazarlığının predmeti ola bilməz.
Bakı üçün Ankara ilə münasibətlər iki suveren dövlətin strateji müttəfiqliyidir. Türkiyəli namizədlərin seçki hesablamalarından asılı olaraq istədikləri vaxt istifadə edib, istəmədikləri vaxt görməzdən gələ biləcəkləri siyasi suvenir deyil.
İndi isə Kılıçdaroğlu özünü azərbaycanlı qadınların dini azadlıqlarının müdafiəçisi rolunda sınamaq qərarına gəlib.
Azərbaycanda məktəbli geyimi ətrafında gedən müzakirələrə münasibət bildirərkən o, qadınların baş örtüyü taxıb-taxmamalarına görə ayrı-seçkiliyə məruz qalmamalı olduqlarını deyib və onların geyimlərini sərbəst seçmək hüququnun təmin edilməsinə çağırıb.
İlk baxışdan olduqca nəcib səslənir.
Amma ciddi siyasətçi üçün nəcib şüarlar başqa dövlətin qanunvericiliyini bilməyin əvəzi ola bilməz.
Azərbaycanda hicaba ümumi qanunvericilik qadağası yoxdur. Qadınlar ictimai yerlərdə dini baş örtüklərindən istifadə edə bilərlər. Mübahisə predmeti isə bütövlükdə əhalinin dini geyiminə qoyulan qadağa deyil, məktəbli formasına dair tələblərdir.
2026-cı il sentyabrın 21-də məktəbli geyimi ilə bağlı qaydaların dəyişdirilməsindən sonra hicablı şagirdlərin dərslərə buraxılmaması barədə məlumatlar yayıldı. Bu halların hüquqi baxımdan qiymətləndirilməsinə, şübhəsiz, ehtiyac var. Lakin ayrı-ayrı hadisələr ölkədə hicaba ümumi qadağa qoyulduğu barədə iddiaları həqiqətə çevirmir.
Milli liderlik iddiasında olan siyasətçi üçün bu fərqi anlamaq elementar məsələ olmalıdır.
Vətəndaşların ümumi hüquqları, dövlət təhsilinin təşkili qaydaları, məktəbli formasına dair tələblər və vicdan azadlığı bir-biri ilə əlaqəli olsa da, eyni hüquqi anlayışlar deyil.
Azərbaycan dünyəvi respublikadır. Dövlətin dünyəvi xarakteri Konstitusiya ilə təsbit olunub.
Bununla yanaşı, dünyəvilik dinə düşmən münasibət demək deyil. Dini etiqad azadlığı da təhsil müəssisələrində tətbiq olunan bütün qaydaların avtomatik olaraq qüvvədən düşməsi anlamına gəlmir. Konkret məhdudiyyətlərin qanuniliyi və mütənasibliyi qüvvədə olan hüquq normaları, eləcə də uşaqların hüquqları nəzərə alınmaqla qiymətləndirilməlidir.
Kılıçdaroğlu bu mövzunu həqiqətən ciddi müzakirə etmək istəyirdisə, əvvəlcə məsələnin hüquqi tərəflərini araşdırmalı, yalnız bundan sonra siyasi baxımdan sərfəli şüarları səsləndirməli idi.
Amma illər boyu ən mürəkkəb məsələləri belə seçki şüarları səviyyəsinə endirməkdə heyrətamiz məharət nümayiş etdirən siyasətçidən hansı hüquqi dəqiqliyi gözləmək olar?
Vəziyyətə xüsusi rəng qatan başqa bir məqam da CHP-nin öz tarixi keçmişidir.
Mustafa Kamal Atatürk tərəfindən yaradılmış bu partiya onilliklər boyu Türkiyə Respublikasının dünyəvilik prinsiplərinin əsas qoruyucusu hesab olunub.
Türkiyə universitetlərdə və dövlət müəssisələrində baş örtüyü taxılması ətrafında son dərəcə kəskin qarşıdurmalar yaşayıb. CHP müvafiq məhdudiyyətlərin aradan qaldırılmasına yönəlmiş siyasətə dəfələrlə qarşı çıxıb.
Kılıçdaroğlunun özü sonradan mövqeyini dəyişərək 2022-ci ildə qadınların baş örtüyü taxmaq hüququnun qanunla təmin edilməsini təklif edib.
Baxışlarını dəyişmək qadağan deyil. Bəzən belə mövqe dəyişikliyi insanın öyrənmək və keçmiş səhvlərindən nəticə çıxarmaq qabiliyyətinin göstəricisidir.
Amma Kılıçdaroğlunun timsalında tamamilə haqlı bir sual yaranır: nə üçün onun öz siyasi keçmişini izah etməkdən ötrü saysız-hesabsız tarixi izahlara ehtiyac duyulur, Azərbaycana gəldikdə isə dərhal hazır əxlaq dərsləri keçməyə başlayır?
Məgər öz partiyası daxilində belə həmrəyliyi təmin edə bilməyən adam qonşu dövlətin ictimai quruluşu ilə bağlı hakim rolunda çıxış etməyə özünü haqlı sayır?
Məgər Türkiyə müxalifətinin parçalanması ilə nəticələnən qayıdışın əsas fiquru cəmiyyətdə razılığın necə əldə olunmasını hamıdan yaxşı bildiyini düşünür?
Məgər əvvəlki parlament fraksiyasının əksər üzvlərinin dəstəyini itirmiş siyasətçi bu gün qarşısında duran əsas vəzifənin Bakıya ağıl öyrətmək olduğuna həqiqətən inanır?
Kılıçdaroğlunun fundamental problemi də elə bundadır.
O, özünü hələ də sarsılmaz nüfuz sahibi olan siyasətçi kimi aparır. Halbuki bütün siyasi karyerası bunun tam əksini sübut edən hadisələr silsiləsidir.
Prezident olmaq istədi, məğlub oldu.
CHP-yə rəhbərliyini davam etdirmək istədi, partiyadaxili seçkiləri uduzdu.
Geri qayıtmaq imkanı qazandı, partiyanın parçalanması ilə üzləşdi.
Sədr kürsüsünü qorudu, parlament müxalifətinin əhəmiyyətli hissəsini itirdi.
İndi isə yenidən beynəlxalq miqyasda əxlaq dərsi keçməyə girişib.
Əlbəttə, seçkilərdə məğlub olan hər siyasətçinin birdəfəlik susmağa məcbur olduğunu iddia etmək üçün heç bir əsas yoxdur. Bu, absurd olardı.
Fəqət siyasətdə iştirak etmək hüququ ilə müstəsna siyasi nüfuz sahibi olmaq iddiası arasında böyük məsafə var.
Kılıçdaroğlu isə inadla bu fərqi görmək istəmir.
Bu gün Türkiyə cəmiyyətinin güclü siyasi rəqabətə ehtiyacı var. Ölkəyə inandırıcı iqtisadi proqramlar, alternativ xarici siyasət konsepsiyaları və real institusional islahatlar təklif edə bilən müxalifət lazımdır.
Bunun əvəzinə müxalifət düşərgəsinin ən tanınmış simalarından biri sədr kürsüsünə az qala xəstəlik həddinə çatan bağlılıq nümayiş etdirir.
Paradoks da ondadır ki, Kılıçdaroğlunun siyasi çəkisini qoruyub saxlaması üçün artıq Ərdoğanı məğlub etməsinə ehtiyac yoxdur. Prezidentə real meydan oxuya biləcək qüvvələrlə münaqişəni davam etdirməsi kifayətdir.
Kılıçdaroğlunun şəxsi niyyətlərinin nə olmasından asılı olmayaraq, bu cür fəaliyyət obyektiv olaraq müxalifətin zəifləməsinə xidmət edir.
Onun siyasi karyerasının ən dağıdıcı nəticəsi də məhz budur.
Məsələ bir seçkidə məğlub olmaqda deyil. Bir uğursuz seçki kampaniyasında da deyil. Hətta CHP-nin parçalanması belə problemin bütün mahiyyətini əks etdirmir.
Əsas faciə ondadır ki, onilliklər boyu özünü Ərdoğana alternativ kimi təqdim etmiş adam sonda həmin alternativin siyasi cəhətdən zəifləməsinə səbəb olan amillərdən birinə çevrilib.
Bütün bunlardan sonra isə Azərbaycanda dini azadlıqların vəziyyətini şərh etməklə öz siyasi əhəmiyyətini nümayiş etdirməyə çalışır.
Halbuki Bakı nə vaxtsa Azərbaycanı "Türk yolu"ndan kənarda qoymuş geosiyasi layihələrin müəllifinin, nə də qayıdışından sonra öz partiyasını parçalanma həddinə çatdırmış siyasətçinin əxlaq dərslərinə möhtacdır.
Azərbaycan dövlət təhsilinin prinsiplərini müstəqil müəyyənləşdirmək, konstitusion dünyəviliyi qorumaq, öz qanunlarına və beynəlxalq öhdəliklərinə uyğun olaraq vicdan azadlığını təmin etmək hüququna malikdir.
Bunun üçün Kamal Kılıçdaroğlunun siyasi nəsihətlərinə ehtiyac yoxdur.
Siyasi tarix bəzən amansız olur. O, keçmiş sədrlərdən özlərini keçmiş sədr hesab etməyə razı olub-olmadıqlarını soruşmur. Onların inciklikləri, ambisiyaları, baş tutmamış qələbələr haqqında xatirələri ilə maraqlanmır.
Tarix nəticələrə qiymət verir.
Kılıçdaroğlunun nəticələri isə onun siyasi irsinə qarşı hazırlanmış amansız ittiham aktını xatırladır.
Parlament seçkilərində qələbəsiz keçən 13 il. Prezident seçkilərində məğlubiyyət. Öz partiyasının nümayəndələri tərəfindən vəzifədən uzaqlaşdırılma. Məhkəmə qərarı ilə rəhbərliyə qaytarılma. Partiyanın parçalanması. Parlament fraksiyasının böyük hissəsinin onu tərk etməsi.
Bu, görkəmli dövlət xadiminin uğurlar siyahısı deyil.
Bu, siyasi iflasın xronikasıdır.
Kılıçdaroğlu CHP sədrinin kabinetini geri almağı bacardı. Amma məhkəmə qərarı ilə hörməti geri qaytarmaq mümkün deyil. İnzibati prosedurlarla itirilmiş etimadı bərpa etmək olmaz. Siyasi nəsihətlərlə cəmiyyətə 13 illik uğursuzluqları unutdurmaq da mümkün deyil.
O, tarixə Ərdoğanı məğlub etmiş siyasətçi kimi düşmək istəyirdi.
Amma böyük ehtimalla, tarixdə başqa cür qalacaq: əvvəlcə müxalifətə məğlub olmağı adət etdirən, sonra partiyasının onsuz qalib gəlməyi öyrəndiyini görən, nəhayət, geri qayıdışı ilə həmin partiyanın parçalanmasına yol açan sədr kimi.
Və yəqin ki, Kamal Kılıçdaroğluya verilə biləcək ən amansız siyasi hökm də budur: onun öz partiyası Kılıçdaroğlusuz qalib gəlməyi bacardığını sübut etdi. Kılıçdaroğlu isə öz növbəsində göstərdi ki, sədr kürsüsünə qayıtmaq naminə partiyanın böyük hissəsi onu tərk etsə belə, həmin kürsüdən əl çəkməməyə hazırdır.
Elçin Alıoğlu