İlon Mask: "Zelenski dərhal istefa verməlidir"

15 Oktyabr 2026 10:08

"SpaceX" şirkətinin rəhbəri İlon Mask "X" sosial şəbəkəsində Ukrayna prezidenti Volodimir Zelenskinin istefaya getməli olduğunu bildirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,  milyarder platforma istifadəçilərindən birinin Zelenskinin ingilis teleaparıcısı Pirs Morqana verdiyi müsahibədəki açıqlamalarına həsr olunmuş paylaşımına reaksiyasını bildirib.

Musavat.com xəbər verir ki, həmin istifadəçi yazısında "Onun (Zelenskinin) ən böyük qorxusu müharibənin başa çatması və prezident seçkilərinin keçirilməsidir", - deyə qeyd edib.

Mask isə buna cavab olaraq: "Beləliklə, qırğın davam edir. Zelenskinin getmək vaxtı çatıb", - deyə yazıb.

Qeyd edək ki, Zelenskinin prezidentlik səlahiyyətləri rəsmi olaraq 2024-cü il mayın 20-də başa çatıb. Lakin Kiyev hərbi vəziyyət ləğv olunmayana qədər növbəti seçkilərin keçirilməsinin imkansız olduğunu bildirərək prosesi təxirə salıb.

Məsələ ilə bağlı oktyabrın 10-da ABŞ prezidenti Donald Tramp da jurnalistlərə açıqlamasında Volodimir Zelenskinin seçkilər keçirməli olduğunu vurğulayıb. Tramp həmçinin əlavə edib ki, Zelenski Ukraynadakı münaqişəyə son qoya və artıq dəfələrlə sülh sazişi bağlaya bilərdi.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)