"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı futbolçu turnirin ümumi mərhələsinin II turunda "Roma" ilə səfər qarşılaşmasında Madrid klubunun start heyətində meydana çıxıb. Bununla da o, Çempionlar Liqası tarixində 100 oyun keçirən ən gənc futbolçu olub.
Mbappe bu nailiyyətə 27 yaş 298 günlüyündə çatıb. Buna qədər rekord argentinalı ulduz Lionel Messiyə məxsus idi. Messi turnirdə 100-cü matçını 2015-ci ilin sentyabrında, 28 yaş 84 günlüyündə keçirmişdi.
Maraqlı məqam ondan ibarətdir ki, Lionel Messi də yubiley oyununu "Roma"ya qarşı keçirib. İllər sonra isə Kilian Mbappe eyni rəqiblə qarşılaşmada onun rekordunu geridə qoyaraq Çempionlar Liqasının tarixinə düşüb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)