Bakı milli ənənələrin rəngarəngliyi ilə canlanıb. Qız qalasından "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, yürüşdə ictimai təşkilatların nümayəndələri və Azərbaycanın mədəni irsinə dəyər verən şəxslər iştirak edirlər.
Milli geyimlərdə olan iştirakçılar İçərişəhər - Fəvvarələr meydanı - Bakı bulvarı marşrutu ilə hərəkət edərək paytaxt sakinlərinin və qonaqların diqqətini cəlb edirlər. Onlar yoldan keçənlərlə şəkil çəkdirir, insanlara təbəssüm bəxş edir, mahnılar ifa edir və şəhər gəzintisini əsl milli mədəniyyət bayramına çevirirlər.
Aksiyanın əsas məqsədi ənənəvi Azərbaycan qadın baş örtüyü olan kəlağayının təbliğidir. Kəlağayı milli geyimin bir hissəsi olmaqla yanaşı, gözəlliyin, milli özünəməxsusluğun və nəsillər arasında varisliyin rəmzidir.
Kəlağayının dəyərini artıran mühüm amillərdən biri də beynəlxalq səviyyədə tanınmasıdır. 2014-cü ildə kəlağayının hazırlanması və geyinilməsi ənənəsi, eləcə də onun simvolikası UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu, Azərbaycan ənənələrinin özünəməxsusluğunu və onların qorunub saxlanılmasının vacibliyini bir daha təsdiqləyir.
Kəlağayı keçmişlə bu günü birləşdirir və mədəni dəyərlərin qorunmasının gələcəyə töhfə olduğunu xatırladır. Bu cür təşəbbüslər sayəsində milli ənənələr yeni həyat qazanır, Azərbaycanın mədəni irsi gənc nəsil üçün daha əlçatan olur və ölkəmizə gələn qonaqların marağını cəlb edir.