Qazaxıstana səfər edənlərin diqqətinə - Yeni tələb qüvvəyə minəcək

14 Oktyabr 2026 16:17

Qazaxıstan vizasız səfər edən xarici ölkə vətəndaşları üçün yeni giriş qaydalarını təsdiqləyib. 

Milli.Az xəbər verir ki, yeni qaydalara əsasən, 2027-ci ilin iyulundan etibarən ölkəyə daxil olmaq istəyən əcnəbilər əvvəlcədən elektron icazə almalı olacaqlar. Elektron icazə Qazaxıstan sərhədini keçməzdən ən azı 72 saat əvvəl alınmalıdır. Ödənişsiz təqdim ediləcək sənəd 180 gün müddətində qüvvədə olacaq və bu müddət ərzində ölkəyə bir neçə dəfə səfər etməyə imkan verəcək.

Sistem mərhələli şəkildə tətbiq olunacaq. Belə ki, 2026-cı il noyabrın 1-dən Aktau Beynəlxalq Hava Limanında və Rusiya ilə sərhəddə yerləşən dörd avtomobil buraxılış məntəqəsində fəaliyyətə başlayacaq. 2027-ci il yanvarın 1-dən Astana və Almatı hava limanları, martın 1-dən isə ölkənin digər sərhəd-keçid məntəqələri sistemə qoşulacaq.

2027-ci il iyulun 1-dək elektron icazənin olmaması ölkəyə girişdən imtina üçün əsas sayılmayacaq. Həmin tarixdən sonra isə icazənin alınması məcburi olacaq.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)