Tanınmış vəkil Şəfiqə Nağıyeva kişilərə evdar qadınların əməyini qiymətləndirməyi və onlara daha çox diqqət göstərməyi tövsiyə edib.
Milli.Az-ın məlumatına görə, o, bildirib ki, bəzi kişilər həyat yoldaşlarının hazırladığı yeməyi bəyənmədikdə və ya dəmlədiyi çay xoşlarına gəlmədikdə belə, bunu mübahisə mövzusuna çevirirlər.
Şəfiqə Nağıyeva kişilərə müraciət edərək ev işlərinin və uşaq qayğısının böyük zəhmət tələb etdiyini xatırladıb.
"Evdar qadınların nə məzuniyyəti var, nə maaşı, nə də istirahətə getmək imkanı. Onlar daim uşaqlara baxır, evin qayğıları ilə məşğul olurlar. Kişilər evə gələndə heç olmasa, bir qızılgül alıb bu işlərə görə həyat yoldaşlarına təşəkkür etmirlər", - deyə vəkil vurğulayıb.
Onun fikrincə, ailədə qadının zəhmətini görmək, əməyini qiymətləndirmək və ona xoş sözlər demək münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)