Türkiyə millisinə yeni baş məşqçisi namizədi

14 Oktyabr 2026 15:45

Türkiyə millisinin sükanı arxasına təcrübəli mütəxəssis Şenol Güneşin keçməsi gündəmə gəlib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Türkiyə Futbol Federasiyası (TFF) noyabr ayında UEFA Millətlər Liqasında Belçika və Fransa ilə keçiriləcək qarşılaşmalarda yığmanı müvəqqəti olaraq yerli məşqçiyə həvalə etməyi nəzərdən keçirir. Bu vəzifə üçün namizədlər arasında Şenol Güneşin də olduğu bildirilir.

Təcrübəli çalışdırıcı karyerası ərzində iki dəfə Türkiyə millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında "ay-ulduzlular" 2002-ci ildə keçirilən dünya çempionatında üçüncü yeri tutaraq tarixi uğura imza atıblar.

Şenol Güneş sonuncu dəfə "Trabzonspor"un baş məşqçisi kimi fəaliyyət göstərib. O, 2025-ci ilin martında bu klubdakı vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası italiyalı mütəxəssis Vinçenzo Montella ilə yollarını ayırdıqdan sonra millini Arda Turana tapşırmağı planlaşdırıb. Lakin 39 yaşlı məşqçi "Şaxtyor Donetsk"dən ayrılmaq istəmədiyini və Türkiyə yığmasına rəhbərlik etməyi düşünmədiyini açıqlayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)